Xəzər Xəbər

Yeni qadağalar olacaq? - Komitə sədri AÇIQLADI

Cəmiyyət | 11:47 • 21 May 2022
Yeni qadağalar olacaq? - Komitə sədri AÇIQLADI

Hər gün insanların sıx hərəkət etdiyi küçələrdə, avtobus dayanacaqlarında, metro çıxışlarında və s. yerlərdə siqaret çəkərək insanları tüstüyə verən şəxlərlə rastlaşırıq. Tibb üzrə alimlərin də sübuta yetirdiyi kimi, siqaret tüstüsünün təsirinə məruz qalma, onu çəkməkdən daha təhlükəlidir.

Qeyd edək ki, “Tütün və tütün məmulatları haqqında” qanunda yalnız qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilib. Bəs qanunvericilikyə dəyişiklik edilərək, insanların açıq havada çox toplaşdığı yerlərdə də siqaret çəkilməsini qadağan etmək və buna görə cərimələr tətbiq etmək olarmı?

Mövzu barədə danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, heç qapalı məkanlarda belə bu qadağaya əməl olunmur:

“Bu, əslində mədəniyyət məsələsidir. Təəssüf olsun ki, qanun olsa da, çox vaxt qapalı məkanlarda heç qanuna riayət olunmur. Hesab edirəm ki, bu məsələnin də müvafiq qurumlar tərəfindən ciddi monitorinqi aparılmalıdır. İnsanların çox toplaşdığı yerlərdə, məsələn, avtodayanacaqlarda, stadionlarda və yaxud açıq havada keçirilən konsert yerlərində siqaret çəkilməsi doğru deyil. Baxmayaraq ki, qanunda buna birbaşa qadağa yoxdur. Amma təəssüf olsun ki, nəinki buna əməl olunmur, hətta qapalı məkanlarda, məsələn, çayxanalarda gedin bir reyd aparın və yaxud da kafe, restoranlarda görəcəksiniz ki, yenə də qanuna o qədər də ciddi riayət olunmur”.

Deputat bildirdi ki, bu məsələyə nəzarət müvafiq orqanlar tərəfindən artırılmalıdır:

“Yəqin ki, pandemiyadan sonrakı dövrdə bu məsələlər bir az da aktuallaşacaq. Çünki pandemiya zamanı ümumiyyətlə o məkanlara girişlər çox zaman qadağan olunmuşdu. Ona görə biz bu məsələyə də nəzarəti, o cümlədən ictimai nəzarəti artırmalıyıq. İstər Daxili İşlər Nazirliyi, İstər Fövqəladə Hallar Nazirliyi orqanları da öhdələrinə düşən vəzifələri daha ciddi yerinə yetirmək üzərində düşünməlidir”.

İnsanların çox olduğu açıq havada siqaretdən istifadəyə qadağa qoyulacağı təqdirdə, bunun siqaret çəkən insanların sayının azalmasına gətirib çıxara biləcəyinə gəlincə, Musa Quliyev bununla razılaşmadı:

“Xeyr, bu siqaret çəkənlərin sayını azaltmır. Qanun ümumiyyətlə o məqsədi güdmür. Qanun o məqsədi güdür ki, yeni doğulan və böyüyən nəsil tütünsüz bir mühitdə böyüsünlər. Əsas təbliğat hədəfi yeniyetmələr və gənclərdir. Yaşlı nəsildən onsuz da siqaret çəkən çəkəcək. Əsas məsələ siqaret çəkməyənlərin hüququnu qorumaq, bir də gənc nəslin tütünsüz bir mühitdə böyüməsi şəraitini yaratmaq ki, onlar siqaretə alışmasınlar”, - deyə komitə sədri bildirdi./Redaktor.az

Xəbər lenti

Çox oxunanlar