Xəzər Xəbər

Dünyadan “meymun çiçəyi”nin qoxusu gəlir...

Cəmiyyət | 12:01 • 21 May 2022
Dünyadan “meymun çiçəyi”nin qoxusu gəlir...

Dünya növbəti təhlükə ilə üz-üzədir! Artıq dünyanın 15 ölkəsi meymun çiçəyi virusu ilə bağlı xəbərdarlıq edir! Adını yenicə eşitdiyimiz xəstəliyin tarixi elə də yeni deyil.

Avropadan sonra “Meymun çiçəyi” virusuna ilk dəfə ABŞ-da da rast gəlinib. İspaniyada 20-dən çox adamda “Meymun çiçəyi” xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada da vəziyyət eyni qiymətləndirilir. Böyük Britaniyada yoluxanların ümumi sayı 10u keçib. Bəs bu xəstəlik nədir? “Meymun çiçəyi” nadir bir virusdur. Çiçək xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir. 

İnfeksionist Mədinə Abdullayeva xəstəliyin ilkin əlamətləri barədə danışıb:

“Meymun xəstəliyinə səbəb olan virus çiçək virusu ilə eyni ailədən olan virusdur. Ona görə xəstəliyin gedişatı çiçək xəstəliyi ilə çox oxşardır. Qızdırma ilə başlayar, əzələ ağrısı, halsızlıq. Qızdırmadan 3 gün sonra artıq səpgilər əmələ gəlir. Molekulyar vizikulyar səpgilərlə vicuda yayılır və burada ən qorxulu şey xəstəliyin pnevmaniya əmələ gətirməsidir. Pnevmaniya əmələ gəldikdə, ölüm riski daha yüksəkdir.”

Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər. Virus “Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Eyni zamanda birbaşa təmas yolu ilə də ötürülə bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də ötürülə bilər. Səpgilərdən onu çiçək xəstəliyindən ayırmaq qeyri mümkündür. 

“Çiçək xəstəliyinə çox bənzəyir. Ondan fərqi çiçək xəstəliyində olmayan, amma “monkey box” xəstəliyində olan limfa düyünlərində böyümə əmələ gətirir ki, bu da onun xarakterik xüsusiyyətlərindən biridir.” 

Hazırda xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir. Həmçinin peyvəndi də mövcuddur.

“Çiçəyə qarşı olan peyvənd “monkey” xəstəliyinə qarşı da qoruyur. 85% qoruduğunu göstərir. Eyni zamanda Amerikada qeydiyyatdan keçmiş bir vaksini var. O vaksin də həm çiçəyə qarşı, həm də monkey xəstəliyinə qarşı qoruyuculuğu var.”

Bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib. Afrikadan kənarda ilk yoluxma 2003-cü ildə ABŞ-da qeydə alınıb. Xəstəlik insanlara çöl itlərindən keçib. 2017-ci ildə Nigeriyada “Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub.  2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. “Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar./Demokrat.az

Xəbər lenti