Xəzər Xəbər

Pensiyalar artıb RƏSMİ MƏLUMAT

Pensiyalar orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub
Cəmiyyət | 26,726 | 16:50 • 20 Avqust 2021
Pensiyalar artıb

Bu il iyulun 1-dək Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214 min 100 nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.

Prezident İlham Əliyevin ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2021-ci il fevralın 5-də imzaladığı Sərəncamla orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Bu il iyulun 1-dək yaşa görə müavinət alanların sayı 109,2 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə 158,5 min nəfər, ailə başçısını itirməyə görə 48,8 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqlar 54,4 min nəfər, digər müavinət növlərini alanlar isə 23,7 min nəfər olub.

 

Xəbər lenti