Xəzər Xəbər

Azərbaycanda ötən il ölüm sayı kəskin artıb - SON 23 İLİN ƏN YÜKSƏK GÖSTƏRİCİSİ ARAŞDIRMA

Cəmiyyət | 16:14 • 18 Mart 2021
Azərbaycanda ötən il ölüm sayı kəskin artıb - SON 23 İLİN ƏN YÜKSƏK GÖSTƏRİCİSİ

Ötən il Azərbaycanda qeydə alınmış ölüm hallarının sayı kəskin artıb.

Xezerxeber.az-ın araşdırmasına görə, 2020-ci ildə ölkədə 75 647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib. 2019-cu ildə isə Azərbaycanda 55 916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,6 təşkil edib. Başqa sözlə, 2020-ci ildə qeydə alınan ölüm hallarının sayı 2019-ci illə müqayisədə 19,731 nəfər çoxdur.   

                                                                              Son 23 ilin ən yüksək göstəricisi

Ümumiyyətlə, ötən il qeydə alınan ölüm halının sayı 1997-ci ildən bəri (həmin vaxtan əvvəlin rəsmi statistikasını tapmaq mümkün olmadı- red) ən yüksək göstəricidir. Məsələn, 23 il əvvəl ölkədə 46 962 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
Nəzərə alırıq ki, 2020-ci il dünyada, eləcə də Azərbaycanda COVID-19 pandemiyasının geniş yayıldığı dövrdür. Sözsüz ki, hələ də davam edən ölümcül virusun ən təhlükəli tərəfi insanların həyatına son qoymağıdır. Bu mənada, təbii ki, koronavirus pandemiyası dünyada, o cümlədən Azərbaycanda da ölüm halının sayının artmasına təsir göstərib. Ölkəmizdə bu virusdan ilk ölüm halı ötən ilin martında qeydə alınıb. Ümumilikdə isə, 2020-ci ilin dekabr ayının 31-nə kimi  Azərbaycanda COVID-19 pandemiyasından 2641 nəfər həyatını itirib. 

Həmçinin o da aydındır ki, Vətən müharibəsi ölkəmizdə ölüm sayının artmasına təsir edib. Müharibədə şəhid olmuş hərbi qulluqçuların sayı isə 3 minə çatmır. Müdafiə Nazirliyinin açıqladığı son siyahıya görə, martın 2-dək 2881 şəhid dəfn edilib. Göründüyü kimi, COVID-19 pandemiyasından vəfat edən və Vətən müharibəsində şəhid olanların sayı 6 minə çatmır. Bu rəqəm ötən il artan ölüm göstəricisinin üçdə birini təşkil edir.

                                                Hadisələrdən ölüm hallarının sayı azalıb. Bəs problem hardan qaynaqlanır?

Hər il baş verən ölüm hallarının xarakteri müxtəlif olur. Məsələn, ölüm halları müxtəlif xəstəliklər, cinayətlər, yol-nəqliyyat hadisələri, təbii və texnogen mənşəli hadisələr və s. hallar nəticəsində baş verir. İl ərzində Azərbaycanda ən çox qeydə alınan ölüm hallarının sayında yol-nəqliyyat, təbii və texnogen mənşəli hadisələrin böyük payı olur. Maraqlıdır ki, belə hadisələr nəticəsində bu il qeydə alınan ölüm hallarının sayı ötən ilə nisbətən azalıb. Məsələn, 2019-cu ildə ölkənin avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 821 nəfər həlak olub, 1702 nəfər yaralanıb. 2020-ci ildə isə yol qəzalarında həlak olanların sayı 696-a, xəsarət alanların sayı isə 1410-a düşüb.

2020-ci il ərzində respublika ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya  11% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində  87  nəfər həlak olub.

                                                                       Müvafiq qurumlar ciddi düşünməlidir

Nəzərə alsaq ki, ölkədə baş vermiş müxtəlif xarakterli hadisələrdə ölənlərin sayı da azalıb, deməli, belə qənaətə gəlmək olar ki, Azərbaycanda xəstəlikdən vəfat edənlərin sayı kəskin çoxalıb. Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsinin faktiki göstəricisi bu qənaəti daha da möhkəmləndirir. Ona görə də müvafiq qurumların ölkədə ölüm sayının kəskin artması problemi üzərində düşünməsi olduqca zəruridir.  

Qeyd edək ki, statistik göstəricilər Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən hazırlanıb.  Ölkədə son 23 ilin ölüm hallarının sayını və əhalinin hər 1000 nəfərinə düşən göstəricini təqdim edirik.  

1997-ci il - 46 962 ölüm halı (hər 1000 nəfərə ölüm səviyyəsi 6,1)

1998-ci il - 46299 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

1999-cu il - 46295 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2000-ci il - 46701 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2001-ci il - 45284 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,6)

2002-ci il - 46522 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,7)

2003-cü il - 49001 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,0) 

2004-cü il - 49568 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,0)

2005-ci il - 51962 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,2)

2006-cı il - 52248 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,2)

2007-ci il - 53655 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,2)

2008-ci il - 52710 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,0)

2009-cu il - 52514 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2010-cu il -53580 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,0)

2011-ci il - 53762 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2012-ci il - 55017 (hər 1000 nəfərə ölüm səviyyəsi 6,0)

2013-cü il  - 54383 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,8)

2014-cü il  -55648 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2015-ci il  - 54677 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,7)

2016-cı il  -56648 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2017-ci il - 57109 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,9)

2018-ci il  - 57250 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,8)

2019-cu il  -55916 (hər 1000 nəfərə ölüm səviyyəsi 5,6)

2020-ci ildə  -75647 (hər 1000 nəfərə ölüm səviyyəsi 7,6)

Atif

Xəbər lenti