Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

11 mindən çox ailəyə pulsuz evlər veriləcək

Cəmiyyət | 455 | 14:42 • 2 Mart 2021
11 mindən çox ailəyə pulsuz evlər veriləcək

Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə bağlı genişmiqyaslı dəstək tədbirləri ilə yanaşı, onların mənzillə, fərdi evlə təminat proqramının getdikcə daha geniş vüsət aldığının şahidi oluruq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bu məsələ ilə bağlı Oxu.Az-a müsahibə verib:

- Vüqar müəllim, artıq nə qədər şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub?

- Bildiyiniz kimi, şəhid ailələrinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas xəttini təşkil edir. Dövlət başçısının xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı da ildən-ilə əhəmiyyətli dərəcədə artır. 

Misal üçün, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bu rəqəm 934 olub. 
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi. Ümumilikdə bu vaxta qədər 9200 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunub. 
Onu da qeyd edim ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində əldə etdiyi möhtəşəm Qələbə ilə yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Və hətta müharibə dönəmində də  mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam etdirildi və bu gün də davam edir.

Dövlət başçısının iştirakı ilə fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması onlara dövlət qayğısının daha bir nümunəsi oldu. Tədbirdə Prezident İlham Əliyev bəyan etdi: “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”.
- Mənzillə təminat sahəsində hansı planlar var və qarşıdakı dövrdə nə qədər şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı planlaşdırılır?

- Cənab Prezidentin şəhid ailələri və müharibə əlillərinə böyük qayğısı, diqqəti onların mənzillə təminatı işlərinin bundan sonra da uğurla davam etməsinə və daha da genişlənməsinə imkan yaradıb. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaq. Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
- Bəs bu il üçün nə qədər mənzil və fərdi ev verilməsi nəzərdə tutulur? 
- 2021-ci ildə isə üç min şəhid ailəsi və müharibə əlilinin mənzil, fərdi evlə təmin edilməsi hədəfimiz var. Bu proqram da uğurla icra olunacaq. 
- Avtomobillə təminat sahəsində hansı işlər görülür?

- Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər də uğurla davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verilib. 
Ümumilikdə isə ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 7150 minik avtomobili ilə təminatı həyata keçirilib. Bu tədbirlər də davam edəcək.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
86 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
303 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021