Xəzər Xəbər

Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...

Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusla mübarizə aparılır.
Cəmiyyət | 15:03 • 24 Fevral 2021
Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...

Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusla mübarizə aparılır. Digər tərəfdən insanlar qarın yağması və havanın şaxtalı keçməsinin yoluxucu xəstəliklərin qarşısını aldığına inanırlar. Bunu koronavirusa aid edənlər də var.

Görəsən, qarın yağması koronavirusun yayılmasının qarşısını ala bilərmi?

Tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov danışarkən şaxtalı, qarlı havanın əksinə, mənfi tərəflərinin ola biləcəyini vurğulayıb:

"İnsanların soyuqlaması, immunitetin zəifləməsi hesabına bu virusun yayılması mümkündür. Koronavirus ətraf mühitdə onsuz da uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yəni, qar oldu, ya olmadı, xarici mühitdə çox yaşamır. Ona görə də hazırda infeksiyanın əsas rezervuarı koronavirusa yoluxan və xəstələnən  insanlardır. Yoluxmuş insanların sayı, infeksiya mənbəyi çox olarsa yoluxma sayı da çoxala bilər. İnfeksiya zəncirinin qırılması yoluxma sayının azalmasında çox vacibdir. Burada da izolyasiyaların təşkili, qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və digər önləyici tədbirlərin hamısı önəmlidir. Qar yağdığına görə koronavirusun kökünün kəsiləcəyini düşünmürəm”.

Mütəxəssis həmçinin vurğulayıb ki, havanın kəskin dəyişməsi insanların səhhətinə pis təsir edir: "Çünki insan orqanizminin yeni iqlim şərtlərinə adaptasiya olması üçün müəyyən qədər vaxt lazım olur. Temperaturun bir gün ərzində 8-10 dərəcə dəyişməsi insan orqanizminin bu dəyişkənliyə uyğunlaşmamasına və bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bu, eyni zamanda koronavirusla yoluxanlarda xəstəliyin kəskin klinik əlamətlərlə biruzə etmiş formada getməsinə səbəb olur. Qarın yağması soyuqlamanın, orqanizmin müqavimətinin aşağı düşməsi səbəbilə koronavirus xəstələrinin bir qədər ağırlaşmasına gətirib çıxara bilər”.

Müsahibimiz daha çox yaşlı qrup və yanaşı xəstəlikləri olan insanların ehtiyatlı olmasını tövsiyə edib: "Xroniki xəstəliyi, şəkərli diabet, ürək qan-damar patologiyaları olanlar xüsusilə ehtiyyatlı davranmalıdır”./Sfera.az

Xəbər lenti