Xəzər Xəbər

Vaksin ölkəyə mərhələli şəkildə gətiriləcək - AÇIQLAMA

Cəmiyyət | 13:11 • 18 Yanvar 2021
Vaksin ölkəyə mərhələli şəkildə gətiriləcək -

"Sinovac” şirkətinin "CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.


Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirusa qarşı başlanan vaksinasiya ilə bağlı məlumatında deyilir. Məlumatda bildirilir ki, yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.


O.Şirəliyev daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır: "Azərbaycan Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib. Vaksin çox effektlidir və mənfi təsirləri olmayıb”.


Z.Əliyev bildirib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb: ""Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.


Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusayoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Xəbər lenti