Yeni tədris ilinin
başlaması ilə əlaqədar paytaxt küçələrində və Bakı şəhərinin şimal
girişində tıxaclar yaranıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən
tıxacların azaldılması istiqamətində bir sıra işlər görülsə də, paytaxt
küçələrində sıxlıq müşahidə edilir.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a
açıqlamasında bildirib ki, paytaxt yollarında nəqliyyat şəraitinin
yaxşılaşdırılması, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin
edilməsi istiqamətində işlər davamli olaraq aparılır. Bu məqsədlə yay
mövsümündə yollarda hərəkətin intensivliyinin azalmasını nəzərə alaraq
bir sıra layihələr icra edilib.
"Buna misal olaraq Fəzail
Bayramov küçəsində yol qovşağının altında təşkil edilən geridönməni
göstərmək olar. Bunun sayəsində artıq həmin küçənin şərq hissəsində
yaşayan sakinlər Yusif Səfərov küçəsinə birbaşa çıxış əldə ediblər.
Bununla da günün pik saatlarında Xocalı və Babək prospektlərində sıxlığa səbəb olan nəqliyyat yükü bir qədər azalıb. Bundan başqa, Xətai prospekti ilə Heydər Əliyev
prospektinin kəsişməsində yol qovşağının altında geridönmə təşkil
edilib. Bunun sayəsində Xətai prospektindən Gənclik metrostansiyasına
gedən nəqliyyat vasitələrinin Əhmədbət Ağaoğlu küçələrinə çıxışı
asanlaşıb. Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində
Sabunçu-Zabrat istiqamətində Şəhər şossesinin Heydər Əliyev
prospekti ilə kəsişməsində müəyyən dəyişikliklər edilib. Binəqədi
rayonu İbrahimpaşa Dadaşov və Şövkət Məmmədova küçələrinin Süleyman Sani
Axundov küçəsi ilə kəsişmələrində nəqliyyat vasitələrinin hərəkəti bir
tərəfli təşkil edilib”.
M.Ağayev qeyd edib ki, hazırda 3-cü
mikrorayon dairəsində günün pik saatlarında müşahidə edilən tıxacın
aradan qaldırılması istiqamətində işlər davam etdirilir. "İcrada olan
digər bir layihə Əhməd Rəcəbli və Cəfərxəndan küçələrinin kəsişməsi ilə
bağlıdır. Qeyd edilən ünvanda hərəkətin növbəliliyini təmin etmək üçün
işıqforun qoyulması planlaşdırılır. Bunun nəticəsində həmin ərazidə
günün pik saatlarında müşahidə olunan tıxac aradan qalxacaq. Yaxın
vaxtlarda digər küçə və prospektlərdə də işlərə başlanılması
planlaşdırılır. Buna misal olaraq İzəddin Həsənoğlu və Təbriz
küçələrinin kəsişməsini, Tbilisi prospektini göstərmək olar. Bu
sadalananlar mövcud infrastruktura edilən və edilməsi planlaşdırılan
işlərdir. Lakin digər bir istiqamət dayanma-durma və parklanma yerləri
ilə bağlı tətbiq ediləcək yeniliklər və dəyişikliklərlə şəhərdə
hərəkətin intensivliyini təmin etməkdir. Bu məqsədlə xüsusəndə şəhərin
mərkəzi yollarında təhlillər aparılıb. Artıq əldə edilən nəticlərə uyğun
layihə də hazırlanıb. Qeyd edim ki, bu layihə Bakı şəhərinin mərkəzində tıxacın aradan qaldırılması baxımından əhəmiyyətlidir”.