Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi online sınaq imtahanı təşkil edir

Cəmiyyət | 17:07 • 29 Avqust 2018
Dövlət İmtahan Mərkəzi online sınaq imtahanı təşkil edir

Dövlət İmtahan Mərkəzi (DİM) bu il I-IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə online sınaq imtahanı təşkil edir. Online sınaq imtahanı vermək istəyənlər rahatlıqla imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

DİM-dən XəzərXəbər-ə bildiriblər ki, mayın 13-də və 20-də keçirilmiş imtahanlarda istifadə olunan sual kitabçaları (Azərbaycan bölməsi) http://otk.az portalında yerləşdirilib.

Abituriyentlər, həmçinin 2015-2017-ci illərdə keçirilmiş qəbul imtahanları, 2018-ci ildə keçirilmiş sınaq imtahanları, 2017-ci ildə 9-cu və 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında istifadə olunan test tapşırığı nümunələrindən ibarət online sınaq imtahanlarına yazıla bilərlər.

Portalda 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelinə uyğun 10-cu sinif şagirdləri üçün mayın 6-da keçirilmiş sınaq imtahanı kitabçaları əsasında da online imtahan vermək mümkündür.

Abituriyentlər online imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş online sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Xəbər lenti