Bakının "Sovetski”
kimi tanınan ərazisinin söküntüsü başa çatdıqdan sonra ərazidə avtomobil
yollarının tikintisi həyata keçirildi. Daha sonra ərazidə böyük sahədə
yaşıllaşdırma və abadlıq işləri, yəni parkın salınması işlərinə
başlanıldı.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli XəzərXəbər-ə bildirib ki, "Bakı şəhərinin Yasamal rayonunda Füzuli
meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və
abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar
kommunikasiya xətlərinin köçürülməsi" və "Təzəpir məscidi kompleksinin
ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin
abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının
yaradılması işləri" layihəsinin II mərhələsi çərçivəsində yerüstü
park-körpü inşa edilir.
"Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli
və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52
metr olan piyada körpüsü, 11.650 kv. metr - Park, həmçinin, 8 hektar
ərazidə yaşıllığın salınması nəzərdə tutulub. Hal-hazırda avtomobil
dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli
və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün
dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin
layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır", - qurum rəsmisi
deyib.