Bakı Media Mərkəzi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli
filmin çəkilişlərinə başlayıb. Heydər Əliyev Fondunun dəstəyi və BP
Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Bakı Media Mərkəzindən
XəzərXəbər-ə verilən məlumata görə, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.
Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına
qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və
qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun
Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.
Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Filmin 28 May-Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq.
Qeyd edək ki, Bakı
Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul
olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri
sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, "Əbədi ezamiyyət”, "Multikulturalizm İli”nə həsr olunmuş "Bir günəş altında” və digər filmlər yer alır.
Filmin
sponsoru olan BP Azərbycan şirkəti 25 ildən artıqdır ki, Azərbaycanda
fəaliyyət göstərir. Bu müddət ərzində BP və tərəfdaşları çoxlu sayda iri
sosial investisiya layihələri həyata keçiriblər.