Xəzər Xəbər

Bu yol nə zaman açılacaq?

Cəmiyyət | 15:51 • 12 Mart 2018
Bu yol nə zaman açılacaq?

"Təbriz” küçəsində əsaslı yenidən qurma işləri aparılması səbəbindən metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında avtomobilin hərəkəti məhdudlaşdırılıb. Ərazidə texnikalar işləyib, asfalt örtüyünü yeniləyirlər.

Məsələ ilə bağlı musavat.com-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir işləri yaxın günlərdə yekunlaşacaq: "Küçədə əsaslı təmir işləri aparılır. Ona görə də asfalt örtüyünün yeniləndiyi yerlərdə avtomobilin də hərəkəti məhdudlaşdırılır. Hazırda təmir görülən yerdə işlər yekunlaşandan sonra "Təbriz” küçəsinin digər hissəsi bağlanacaq. Ümumilikdə isə küçənin başdan-başa əsaslı şəkildə yenidən qurulması işləri aparılır. Orada nəqliyyatın hərəkəti intensivdir. Yol açıq olduğu zaman işləmək mümkün deyil. Nə qədər imkan oldusa, indiyə qədər yolu açıq saxlayıb, işlər görmüşük. Son mərhələ isə asfalt örtüyünün yenilənməsidir. Artıq bu işlər aparılan zaman yolu açıq saxlamaq çətindir. Ona görə də hazırda "Metropark”ın qarşısında keçən hissədə avtomobil yolunu bağlamışıq. Orada eyni zamanda yol dar olduğu üçün açıq olması mümkün deyil. Həmin ərazidə avtomobillərin hərəkətinin bərpası yaxın 2-3 gün ərzində mümkün olacaq. Digər hissələrdə isə təmir zamanı yol tamamilə bağlanmayacaq. Çünki digər yollar genişdir və bu səbəbdən də yolun yalnız bir hissəsi bağlanacaq, təmir işləri görüləcək. Yolun digər hissəsində isə ikitərəfli istiqamət təmin olunacaq. Daha sonra təmir edilən hissə açılacaq, yolun digər hissəsi bağlanacaq. Yəni hərəkət yalnız tam şəkildə "Metropark”ın qarşısında bağlanıb”.

A.Nəcəfli bildirib ki, "Təbriz” küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir: "2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq”.

Xəbər lenti