Spreyd-kərə yağlar qeyri-infeksion xəstəliklər yaradır
Kafedra müdirindən narahatlıq yaradacaq açıqlama
El arasında belə bir deyim var: "Kərə yağının reklama ehtiyacı yoxdur”.
Amma indi bazarda kərə yağlarının şıdırğı reklamı gedir. Mütəxəssislər
isə kərə yağı adı altında satılan yağların əksəriyyətinin "spreyd” yağ
olduğunu söyləyirlər.
Tibb Universitetinin Kommunal və Qidalanma
gigiyena kafedrasının müdiri, dossent İbrahim Əhmədovda Movqe.az-a
açıqlamasında bildirib ki, xaricdən gətirilən yağların 82 faiz kərə yağı
olduğunu taməminliklə söyləməyin mümkünsüzdür: " Bu gün kərə yağı adı
altında satılan ən bahalı yağların da tərkibini də qarışdırırlar. Təmiz
kərə yağı 82 faiz duzlu və yaxud duzsuz yağ olmalıdır. Yağın tərkibinin
16 faizini su təşkil edir. Üstəlik təmiz kərə yağı 100 faiz heyvan
südündən hazırlanmalıdır. Amma ölkəmizə gətirilən xalis kərə yağı adıyla
satışa çıxardılan, üzərində yağlılıq faizi 82 faiz göstərilən yağların
da tərkibinin qatqısız olduğuna heç kəs başı ilə cavabdehlik daşıya
bilməz. Bunu onun qiyməti də təsdiqləyir. Təmiz kərə yağ almaq üçün 25
litr heyvan südü lazım olur. Satışda isə təmiz südün bir litrinin
qiyməti 1 manatdan, 1, 5 manatdan ucuz deyil. Bu hesablama ilə bir
kiloqram təmiz kərə yağı əldə etmək 35-40 manata başa gəlir.Ona görə
o yağların üzərinə təmiz kərə yağı olduğunu yazmaq olmaz. Çünki,
müəyyən qədər onların da tərkibinə qatqılar əlavə olunur. Bu gün satışda
xeyli çeşiddə yağ var ki, üzərinə kərə yağı yazılır. Bir kiloqramının
qiyməti isə 5-7 manata təklif olunur.Onların tərkibinə dəniz
heyvanlarından, qarğıdalıdan, jımıxdan, palmadan alınmış spreyd yağlar
qatılır. Ona görə də həmin yağların üzərinə kərə yağı yazmaq
istehlakçını aldatmaq deməkdir. Qaydaya görə, spreyd yağlar qatılan
yağlar "spreyd-kərə” yağı adı altında satışa çıxarılmalıdır. Tərkibi
barədə məlumat yağın paketinin üzərində dəqiq göstərilməlidir”.
Tibb Universitetinin kafedra müdiri deyir ki, spreyd yağlar insanlar
arasında qeyri-infeksion xəstəliklərin ortaya çıxmasına səbəb olur:
"Spreyd yağlar hidrogenləşdirilmiş yağlardır. Buna sərt yağlar da
deyilir. Texnoloji proses nəticəsində yüksək temeperaturda bitki
yağları, heyvan mənşəli yağlar, bərk hala çevrilir. Sərt yağlar, spreyd
dediyimiz yağlar orqanizmdə xolesterin əmələ gətirir. Çünki,
hidrogenləşdirilmiş yağlar pis xolesterinin qanda artmasına səbəb olur.
Bu da ürək-damar xəstləliklərinə, qaraciyər xəstəliklərinə və digər
qeyri-infeksion xəstəliklərin ortaya çıxmasına gətirib çıxardır”.
Bununla belə, İ. Əhmədov spreyd kərə yağlarının yaratdığı təhlükələrdən
ehtiyatlanıb, kərə yağını ümumiyyətlə qida rasionundan çıxartmağın
düzgün olmadığını deyir: "İnsan təmiz kərə yağı mütləq qəbul etməlidir.
Spreyd kərə yağlarının yaratdığı təhlükəyə görə, son illər əhali
arasında duru halda olan bitki yağlarına tələbat artıb. Amma unutmaq
olmaz ki, kərə yağından imtina edib bitki tərkibli duru yağları uzun
müddət istifadə etmək də orqanizm üçün təhlükəlidir. Uzun müddət bitki
tərkibli yağdan xörəklərdə istifadə etmək, orqanizmin hüceyrələrinin
PH-nı dəyişir. Bu da xərçəng xəstəliyinə zəmin yaradır”.
İ. Əhmədov deyir ki, bazarda nehrə yağı adı altında satılan yağlar da
heyvan südündən alınan xammal əsasında hazırlanmır: "İndi kənd
yerlərindən gətirilən yağların da tərkibinə müxtəlif qatqılar əlavə
edilir. Bunu nehrə yağını əridərkən açıq şəkildə qoxusundan və
görünüşündən müəyyən etmək olur”.