Xəzər Xəbər

Qaraciyər köçürülən insanların dövlət hesabına pulsuz dərmanla təmin olunması təklif edilib

Cəmiyyət | 16:14 • 14 Sentyabr 2017
Qaraciyər köçürülən insanların dövlət hesabına pulsuz dərmanla təmin olunması təklif edilib

Milli Məclisin Səhiyyə komitəsinin iclasında Azərbaycanda təcili yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsinin həyata keçirilməsi təklif edib. APA-nın xəbərinə görə, komitənin sədr müavini Musa Quliyev bildirib ki, son dövrlər təcili yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb. Onun sözlərinə görə, bunları aradan qaldırmaq üçün hüquqi yollar tapılmalıdır: "Bəzi ölkələrin qanunvericiliyində təcili yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir. Bundan əlavə, gələcəkdə ölkədə "Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul edilməlidir. "Ailə həkimi haqqında” qanun layihəsi uzun zamandır parlamentdə müzakirə edilir. Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradaraq bu qanunun qəbuluna nail olmaq olar. Çünki ölkədə icbari tibbi sığorta tətbiq olunarsa, bu məsələ mütləq tələb olunacaq”.

M.Quliyev Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirilən insanların sonradan dövlət hesabına pulsuz dərman vasitələri ilə təmin olunması üçün proqramın qəbul edilməsini təklif edib. Onun sözlərinə görə, qaraciyər transplantasiyasından sonrakı müalicə üçün proqram qəbul edilməlidir: "Böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul olunub və həmin vətəndaşlara dərmanlar pulsuz verilir. Bu, qaraciyər köçürülən insanlara tətbiq edilmir və onların illik dərman təchizatı üçün orta hesabla 1000 manat tələb olunur. Əgər xəstələr əməliyyatdan sonra illərlə yaşayacaqsa, bu, çox böyük vəsaitdir. Bununla bağlı proqramı qəbul edə, lazım olarsa transplantasiya haqqında qanuna əlavə müddəalar qəbul edə bilərik. Bunlardan öncə çalışmalıyıq ki, Azərbaycanda səhiyyənin büdcəsinin artırılmasına nail ola bilək. Çünki deyilən bütün problemlərin, qanun layihələrinin həlli büdcə ilə bağlıdır. Düzdür, son illər səhiyyənin büdcəsi dəfələrlə artırılıb və 800 milyon manata gəlib çatıb. Ümumiyyətlə, səhiyyənin büdcə xərclərinin payı dövlət büdcəsində 5%-dən azdırsa burada böyük layihələrdən danışmaq çətindir. Məsələn, beyin ölümü diaqnozu və orqan transplantasiyanın da arxasında böyük maliyyə vəsaiti dayanır”.

Xəbər lenti