Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.