Xəzər Xəbər

Həkim və dietoloqdan Ramazan məsləhətləri: Sağlamaq qalmaq üçün...

Cəmiyyət | 16:34 • 26 May 2017
Həkim və dietoloqdan Ramazan məsləhətləri:

Ramazan ayının başlamasına sayılı günlər qalıb. "Qurani-Kərim”in Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

Bu ayədən aydın olur ki, oruc bütün təkallahlı dinlərdə ibadət olaraq yerinə yetirilib. O cümlədən İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir.

Allah tərəfindən buyurulan hər ibadət kimi oruc tutmaq da insanda müsbət vərdişlərin və keyfiyyətlərin aşılanmasına yönəlib. Bu da o deməkdir ki, oruc tutarkən sağlamlığımızın qeydinə qalmalı, düzgün qidalanmalıyıq. Ramazan ayında insanları narahat edən əsas amillərdən biri qida rejiminin dəyişməsi nəticəsində mədə-bağırsaq sistemində yaranan problemlərdir. Belə problemlərin yaşanmaması üçün nə etmək olar? "Sağlam qidalanma" deyəndə nə nəzərdə tutulur?

Bu və başqa suallarla həkim-qastroenteroloq və dietoloqa müraciət etdik. İlk müsahibimiz həkim-qastroenteroloq, tibb elmləri namizədi Vüqar Abbasov oldu:


- Ramazan ayı ərzində mədə-bağırsaq sistemində problemlərlə qarşılaşmamaq üçün nəyi necə yeməliyik?

- Təbii ki, yüngül və rahat həzm olunan qidalardan istifadə etmək lazımdır. Daha çox meyvə və tərəvəz yeyilməlidir. İmsakdan sonra nə qədər qəribə səslənsə də, duzlu su içmək məsləhət olunur. Duzlu su insanın suya qarşı tələbini daha çox ödəyir və gün ərzində daha az su ehtiyacı yaranır. Ümumiyyətlə, insan orqanizmi 1 kq çəkiyə 30 ml su tələb edir. Bu hesabla gün ərzində 70 kq çəkisi olan insan 2,1 ml su tükətməlidir. Bütün bu amillər nəzərə alınarsa, nə mədə, nə də bağırsaqda heç bir problem yaşanmaz.

- Mədəsində hansı xəstəlik olan insanlara oruc tutmaq qadağan edilir?

- Əsasən, mədəsində açıq xora olan xəstələr, ödündə daş və ya hər hansı iltihablanma olan xəstələr oruc tutmamalıdır. Mədə sallanması olan pasiyentlərə isə xüsusi bir göstəriş yoxdur. Amma diqqət olunsa, yaxşı olar.

- Ramazan ayı bitdikdən sonra gündəlik rejimə qayıtmaq üçün hər hansı bir qidalanma rejimi məsləhət görərdinizmi?

- Necə ki, idmançı 100 kq-nı qaldırmaq üçün əvvəl aşağı çəkidən başlayır və uzun müddət vaxt sərf edir. Eləcə də orqanizm üçün də hər hansı qida rejiminin tətbiqi zamanı uzun müddət lazım olur. Və bu növbələşmə ilə Ramazandan sonra da qidalanma miqdarı nisbətən azaldılmalıdır. Amma onsuz da 1 ay mütəmadi olaraq oruc tutan insan orucluqdan sonra qeyri-ixtiyari olaraq az yeməyə başlayır.

İdmançı demişkən, müsahibəmizi elə məşqçi, dietoloq, Ankarada qida mütəxəssisliyi üzrə təhsil almış Fövqi Əfəndi ilə davam etdiririk.


- Orucluq ayı Allahın insanlara bir növ nəfsinə, tamahına sahib çıxmaq, acların halını anlamaq və sağlam qidalanmaq, orqanizmlərini bir müddətlik də olsa, zərərli vərdişlərdən uzaq tutmaları üçün əməl olunmasının buyurulduğu pəhrizdir. Bu "pəhriz” müddətində insanların əksəriyyəti çəki itirir. Lakin Ramazan bitdikdən sonra itirilən çəki artıqlaması ilə bədənə qayıdır. Bunun qarşısını almaq üçün nə edə bilərik?

- Ümumən dünyada "intermittent fasting” deyilən bir dieta var. Hansı ki, bu dieta ərzində günün cəmi 6 saatında qida qəbuluna icazə verilir. Biz də orucluq ayında hardasa bir növ bu dieti tətbiq edirik. Bu zaman məsələn, bir insan gün ərzində 2000 kalori qəbul etməlidirsə, həmin o 2000 kalorini 6 saatda bölüşdürüb qəbulunu təmin etməyə çalışırıq. Və bu halda çəkidə heç bir dəyişiklik olmur. Nə artım, nə də azalma. Eynilə də bu rejim orucluqdan sonra davam etdirilir və beləliklə, heç bir problem yaşanmır.

- Əgər dediklərinizə əməl olunmazsa, necə? Məsələn, hazırda çox böyük müzakirə doğuran bir iddia var: "Şirniyyatı axşam yemək lazımdır”. Hansı ki, orucluqda tam olaraq bu tətbiq olunacaq. İftardan sonra şirniyyat qəbulu və onun nəticələri haqda nə deyə bilərsiniz?

- Heç bir dietoloq tərəfindən şirniyyat qəbulu məqsədəmüvafiq sayılmır. Şirniyyat qan şəkərinin ən aşağı, aktivliyin isə ən yüksək olduğu vaxtda qəbul olunmalıdır. Orucluq müddətində isə qan şəkəri gün ərzində çox aşağı olduğundan iftardan sonra şirniyyat qəbulu hətta müəyyən mənada müsbət qiymətləndirilə, ani şəkildə qan şəkərini normaya sala bilər.

- İdmanla məşğul olanlara Ramazan ayı üçün məsləhətiniz nədir?

- İdmanla məşğul olanlar orucluqda məşqin həcmini azaltmalıdırlar. Yəni, normalda saat yarım idmanla məşğul olunurdusa, Ramazan ayı boyunca bu müddəti 45 dəqiqəyə salmaq daha yaxşı olar. Və düşünürəm ki, ay boyunca idmanla iftara yaxın məşğul olunsa, daha yaxşı olar. Çünki məşq zamanı su itkisi olur. Bu itki də bərpa olunmadığı halda baş ağrısı, halsızlıq müşahidə oluna bilər./qaynarinfo

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar