Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.
Xezerxeber.az xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib.
"Azərbaycana idxal olunan dərman vasitələrini istehsal edən müəssisələrin yoxlanılması və bu prosesin necə getməsi barədə suala" cavabında şöbə müdiri bildirib ki, dərman istehsal edən müəssisələrin auditi olduqca mürəkkəb prosesdir:
"Əksər hallarda audit başlamazdan öncə istehsalçı şirkət, onun əməkdaşlıq etdiyi qurumlar digər ölkələrin nəzarətedici qurumların son 5 il ərzində həyata keçirtdiyi auditlər və məhsullar barədə dərin təhlil aparılır. Bununla yanaşı xammalın daxil olduğu anbardan başlayaraq digər parametrlər üzrə əczaçılıq keyfiyyət sistemi, su təchizat, havalandırma, şəxsi heyət, kompüter sistemlərinin yoxlanması aparılır. Bu da sözsüz ki, bizim məsuliyyətimizi artırır. Həyata keçirdiyimiz auditlər əsasında əhalinin nigaranlığına zəmin yaradacaq hallar müşahidə edilməyib".
"İş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri barədə yayılan söz-söhbətlər nə qədər əsaslı ola bilər?" sualını cavablandıran Şamil Aydəmirov deyib ki, informasiya texnologiyalarının geniş vüsət aldığı bir dövrdə hansısa şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmır.
"Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir".
"Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur",-deyə Ş. Aydəmirov bildirib. (APA)