Xəzər Xəbər

Əslən şuşalı olan Murad Əliyev dünya kubokunda gümüş medal qazanıb - FOTO

İdman | 15:37 • 14 Noyabr 2020
Əslən şuşalı olan Murad Əliyev dünya kubokunda gümüş medal qazanıb -

Azərbaycan idmançısı Murad Əliyev Peruda keçirilən dünya kubokunda gümüş medal qazanıb.


Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, o, bu uğura noyabrın 11-də Peruda start verilən ağır atletika üzrə yeniyetmələr arasında dünya kubokunda nail olub.


Yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bunlar Elşən Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Sənan Sahibov (73 kq) və Əli Şükürlüdür (102 kq).


Kubok qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində təyin olunan yarış vaxtında "Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.


Artıq iki atletimiz körpücük üzərinə çıxıb. 61 kiloqram çəki dərəcəsində yarışan Elşən Məmmədov toplam 200 kq (90+110) nəticə ilə B qrupunda doqquzuncu yeri tutub.


Altmış yeddi kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Əliyev isə daha uğurlu nəticəyə imza atıb. O, birdən qaldırma hərəkətində 120 kiloqram, təkanla qaldırmada isə 139 kiloqramı başı üzərinə qaldıra bilib. Toplam 259 kiloqram nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb.


Tarixi uğur qazanan Murad Əliyev yarış təəssüratlarını da bölüşüb: "Gümüş medal qazandığıma görə çox şadam. Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələcək yarışlarda çempion olaraq qızıl medala sahib çıxacağam. Yarışa hazırlıq çətin keçmişdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, ağır atletikaya köklənməyə mane olurdu. Ancaq məşqçilərimin zəhməti sayəsində lazımi formanı saxlaya bildim. Bu günlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik töhfəm olacağına görə sevincliyəm. Mən şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırmışdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ Azərbaycandır!”.

Xəbər lenti