Xəzər Xəbər

Belarus yığmasının baş məşqçisi vəzifəsindən gedib

İdman | 17:35 • 13 İyun 2019
Belarus yığmasının baş məşqçisi vəzifəsindən gedib

Belarus Futbol Federasiyaları Assosiasiyasının (BFFA) rəhbərliyi və Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko tərəflərin qarşılıqlı razılığı əsasında əməkdaşlığı dayandırmaq barədə qərar qəbul ediblər.


Xezerxeber.az xəbər verir ki, baş məşqçi ilə yanaşı, onun köməkçiləri Oleq Kuzmenok və Valeri Stripeykis də yığmanı tərk ediblər.


BFFA sədrinin birinci müavini Yuri Vergeyçik bildirib: "Biz gördüyü işə görə İqor Nikolayeviçə təşəkkür etmək istərdik. O, komandanı çətin dövrdə qəbul edib və onunla birlikdə böyük yol qət edərək, Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Təəssüf ki, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçim mərhələsində nəticələr azarkeşlərin, ekspertlərin və BFFA rəhbərliyinin ümidlərini doğrultmayıb. Bunu başa düşərək, baş məşqçi ilə birlikdə belə qənaətə gəlmişik ki, müqaviləni tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edək”.


İ.Kriuşenko deyib: "Mənə göstərilən dəstəyə görə komandaya və azarkeşlərə təşəkkür edirəm. Biz fərəhli qələbə anlarını və uğursuzluqlarımızla bağlı kədərli günləri birlikdə yaşamışıq. Təəssüf ki, hər şey istədiyimiz kimi olmadı. Amma mən əminəm ki, bundan sonra Belarus yığmasını işıqlı gələcək gözləyir”.


İqor Kriuşenko Belarus yığmasına 2017-ci ildə başçılıq edib. Onun rəhbərliyi ilə Belarus yığması Millətlər Liqasının "D” liqasının ikinci qrupunda qalib gələrək "C” liqasında oynamaq hüququ qazanıb. Lakin 2020-ci ilin Avropa çempionatının seçim turnirindəki 4 görüşün hamısında məğlub olub.


"C” qrupunda Belarus komandası ilə bərabər, Almaniya, Niderland, Şimali İrlandiya və Estoniya yığmaları mübarizə aparır.

Xəbər lenti