Xəzər Xəbər

Maştağa xəstəxanası 40 dərəcə qızdırması olan uşağı qəbul etməyib - VİDEO

Veb TV | 20:05 • 20 Sentyabr 2017
Maştağa xəstəxanası 40 dərəcə qızdırması olan uşağı qəbul etməyib -

Bakıda bir valideyn 40 dərəcə qızdırması olan 2 yaşlı uşağını xəstəxanaya çatdırıb.

O iddia edir ki, körpə qızını müayinə etməyə xəstəxanada həkim tapılmayıb. O da məcbur qalıb uşağını başqa xəstəxanaya aparıb.

Vətəndaş "Xəzər Xəbər"ə vəziyyəti əks etdirən videogörüntüləri də təqdim edib.

Adı çəkilən xəstəxana və Səhiyyə Nazirliyinin məsələyə münasibətini öyrənmişik.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasından gedir.

Məlum olub ki, qızdırma içində yanan övladının səhhətindən nigaran qalan ata ona tibb bacısının iynə vurmasına razılıq vermir. O, inadla həkimin müayinə etməsini tələb edir.

Maştağa sakini Tural Yasinov iddia edir ki, sırağagün günorta qızının qızdırması 40 dərəcəyə qədər qalxıb. Onu təcili xəstəxanaya aparsa da, orda müayinə etməyə həkim tapmayıb.

Tural Yasinovun iddialarına görə, xəstəxanada gözlədikləri müddətdə övladının vəziyyəti daha da pisləşib. Xəstəxanadan növbətçi həkimi tələb edəndə isə ona başqa həkim tapmağı məsləhət görüblər.

Daha sonra isə valideyn övladını o vəziyyətdə Əmircandakı 8 nömrəli xəstəxanaya aparmağa məcbur olub. Burda uşağın müalicəsi aparılıb. O iddia edir ki, Maştağadakı xəstəxanada çəkdiyi görüntülərə görə təhdid edilir. Deyilən iddialarla bağlı 7 saylı birləşmiş şəhər xəstəxanasının baş həkiminin mövqeyini öyrənməyə çalışsaq da, həkim heç bir açıqlamasının olmadığını dedi.

Səhiyyə Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirdilər ki, vətəndaşın iddiası əsassızdır. Buna baxmayaraq çəkilən görüntülər və tibb işçilərinin ifadələri əsasında araşdırma başlanılıb. Araşdırma başa çatdıqdan sonra məsələylə bağlı qərar veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti