Xəzər Xəbər

Sumqayıt və Şirvanda ağır yol qəzaları - 3 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 20:04 • 30 May 2020
Sumqayıt və Şirvanda ağır yol qəzaları -

Sumqayıtda yük avtomobillərinin toqquşması 2 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Sahil-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yolunda baş verib.

69 yaşlı Ağarza Sayılovun idarə etdiyi və şüşə butulka ilə yüklənmiş TIR 25 yaşlı Asəf Aslanovun idarə etdiyi, mişar daşı ilə yüklü olan nəqliyyat vasitəsilə toqquşub. Hər iki sürücü hadisə yerində dünyasını dəyişib. Sıxılmış vəziyyətdə qalan meyitləri xilasedicilər çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şirvanda isə minik avtomobilinin mikroavtobusa çırpılması ölümlə nəticələnib. Hacıqabul sakini, 21 yaşlı Yaşar Ağayevin idarə etdiyi minik avtomobili qarşı yola çıxıb və nəqliyyat vasitəsi dönməkdə olan, şəhərdaxili marşrut üzrə işləyən mikaravtobusa çırpılıb.

Minik avtomobilində olan sərnişin, Hacıqabul rayon sakini, 22 yaşlı Fərid İsmayılov hadisə yerində dünyasını dəyişib. Onun meyitini maşından xilasedicilər çıxarıblar. Sürücü yüngül xəsarət alıb. Digər sərnişin, Hacıqabul sakini, 21 yaşlı Maşallah Həmidov Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Mikroavtobus isə "Şəhidlər xiyabanı"nın hasarına çırpılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti