Bu gün dahi bəstəkar,
musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir
Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir
Hacıbəylinin doğum günüdür.
Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Ağcabədi rayonunda doğulub.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və
siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın
banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan
milli opera sənətinin tarixi 108 il bundan öncə tamaşaya qoyulan "Leyli
və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy
Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda Hüseynqulu
Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış
ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun” yalnız Azərbaycanın
deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu
gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy
bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah
Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915)
kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu” operasıdır. "Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası Moskva
tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər
keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə
göstərilib.
Üzeyir Hacıbəylinin "Füruzə” adlı yarımçıq qalmış bir operası da olub.
Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları
arasında "Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna
görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər
tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə
bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər
və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal
alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox
teatrın səhnəsində oynanılıb. "Arşın mal alan” beş dəfə
ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili
komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film
olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan
mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən
çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və
romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının
himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra
xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də
məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin
nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər
hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan
xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin
musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də
musiqi dərsliyi kimi istifadə edilir.
Üzeyir Hacıbəyli 1948-ci ilin 23 noyabrında Bakıda vəfat edib.
1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.