Xəzər Xəbər

Samir Şərifov QDTİB prezidenti ilə görüşdü

Gündəm | 11:51 • 3 Avqust 2019
Samir Şərifov QDTİB prezidenti ilə görüşdü

Maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, S.Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının ölkəmizin özəl sektorunda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib və bank tərəfindən avqustun 1-də ölkə daxilində debüt olaraq yerli valyutada dövriyyə müddəti 2 il olan qiymətli kağızların uğurla yerləşdirilməsi ilə əlaqədar QDTİB-in prezidentini təbrik edib. Qeyd olunan buraxılış hesabına cəlb edilmiş vəsaitlərin ölkənin özəl sektorunun maliyyələşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirən nazir, həm də bu uğurun arxasında yerli qiymətli kağızlar bazarının dinamik inkişafının və xarici emitentlərin yerli valyutaya olan inamının durduğunu qeyd edib.

Bundan başqa, nazir diqqətə çatdırıb ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumu tərəfindən ölkəmizin maliyyə bazarında yerli valyutada qiymətli kağızların buraxılması həm emitent şəbəkəsinin genişləndirilməsinə, həm də ölkənin qiymətli kağızlar bazarının cəlbediciliyinə töhfə verməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutları üçün də təkanverici addım olacaq. Bu isə, öz növbəsində, Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və onun daha da təkmilləşdirilməsi üçün əlavə dəstək kimi qiymətləndirilə bilər və bu bazarın daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.

Həmçinin nazir tərəfindən yerli qiymətli kağızlar bazarı barədə bankın prezidentinə məlumat verilərək dövlət istiqrazlarına olan böyük tələbat əsasında son 3 ildə dövriyyə müddəti 1-3 il olan dövlət qiymətli kağızlar üzrə gəlirlilik dərəcələrinin 17-18 faizdən hazırda 6-7 faizədək endiyi qeyd edilib ki, bunu da ölkənin sabit makroiqtisadi çərçivədə inflyasiyanın aşağı səviyyədə olması və investorların manata olan etibarın artması ilə əlaqələndirmək olar.

Nazir vurğulayıb ki, beynəlxalq kredit reytinq agentliyi "Standard&Poor`s” tərəfindən "A-” və "Moody`s” tərəfindən "A2” dərəcəsində müəyyən edilən QDTİB-in uzunmüddətli kredit reytinqi Azərbaycan üzrə müəyyən edilən reytinq dərəcəsindən 4 pillə yüksək olsa da, bank tərəfindən yerləşdirilən 2 illik qiymətli kağızlar üzrə gəlirlilik dərəcəsi ilə (7,25 faiz) Maliyyə Nazirliyinin son hərrac zamanı yerləşdirilən analoji dövriyyə müddətli kağızlarının gəlirlilik dərəcəsi (7,47 faiz) arasında böyük fərqin (spred) olmaması məmnunluq doğurur.

Görüşdə S.Şərifov ölkəmizin bankla olan münasibətlərinə böyük önəm verdiyini, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini və QDTİB-in baş qərargahında iki Azərbaycan vətəndaşının çalışdığının önəmli olduğunu nəzərə alaraq, onların sayının artacağına ümid etdiyini bildirib.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Azərbaycanda yerli valyutada qiymətli kağızların buraxılması ilə əlaqədar banka göstərilən yüksək dəstəyə görə aidiyyəti dövlət orqanlarına öz təşəkkürünü bildirib və ölkədə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişafına təkan verdiyini və bunun da, öz növbəsində, QDTİB-lə ölkəmiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Azərbaycanı bankın Rəhbərlər Şurasında Maliyyə naziri Samir Şərifov təmsil edir.

Xəbər lenti