Xəzər Xəbər

Misirli ekspert: Livan erməniləri Ermənistan rəhbərliyinin siyasətinin qurbanıdırlar

Dünya | 13:29 • 15 Sentyabr 2020
Misirli ekspert: Livan erməniləri Ermənistan rəhbərliyinin siyasətinin qurbanıdırlar

Misirin "Asyaelyoum” informasiya agentliyinin baş redaktoru, jurnalist və beynəlxalq məsələlər üzrə ekspert Əbubəkr Əl Məcdin "Livan erməniləri Ermənistan rəhbərliyinin siyasətinin qurbanıdırlar” sərlövhəli analitik məqaləsi dərc edilib.


Məqalədə dünyanın müxtəlif ölkələrində 10-12 milyon erməninin yaşadığı qeyd olunur. Müəllif diqqətə çatdırır ki, 2011-ci ildə BMT-nin Əhali Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, onların 44 faizi özlərinin və uşaqlarının gələcəyini Ermənistanda görmür.


Məqalədə vurğulanır ki, XX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrində, o cümlədən Yaxın Şərqdə yaşayan ermənilərin Azərbaycanın tarixi torpaqlarına axını başlayıb. 1946-1948-ci illərdə sovet hökuməti Livandan 15 minə yaxın erməninin qayıtmasına icazə verib, 70-80-ci illərdə isə Livanda vətəndaş müharibəsi və İranda şah rejiminin devrilməsindən sonra bir çox erməni ailəsi həmin ərazilərdə məskunlaşıb. "Bu kiçik ölkə (Ermənistan) indi də bu qanunsuz miqrasiya prosesini davam etdirir”, - deyə Əl Məcd qeyd edir.


Müəllif yazır ki, 2017-ci il iyunun 28-də "The Economist” jurnalı Suriyada vətəndaş müharibəsi zamanı qaçqınların vəziyyətini təhlil edib. Məlum olub ki, bu ölkədən qaçan heç bir erməni ailəsi Balkanlara və Qərbi Avropaya yollanmayıb; onların əsas marşrutu Ermənistan və Azərbaycanın işğal edilmiş torpaqları olub. Məsələn, 2014-cü ildə Suriyadan olan 22 erməni ailəsi Azərbaycanın Zəngilan, Kəlbəcər və Laçın rayonlarında yerləşdirilib. Eyni zamanda, bu ailələrdən olan suriyalı erməni gənclər orduda xidmət etməkdən yayınmaq məqsədilə Ermənistan vətəndaşlığını qəbul etməyiblər.


Ermənistanın Livan və Suriyadan olan erməniləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirdiyi qeyd edən ekspert bildirib: "Ermənistan rəhbərliyinin bu qeyri-qanuni məskunlaşdırma siyasəti göstərir ki, o, Livanda baş vermiş faciədən öz çirkin məqsədləri üçün istifadə edir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bunun müharibə cinayəti olduğunu bəyan edib”. (AZƏRTAC)

Xəbər lenti