Xəzər Xəbər

Türkiyənin Prezident Administrasiyası “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb

Dünya | 16:09 • 7 Sentyabr 2020
Türkiyənin Prezident Administrasiyası “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb

Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb.


Filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.


Reportajda qeyd olunub ki, Ermənistanın atəşkəsi pozduğu cümə axşamı günü Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən artdı. Dağlıq Qarabağ bölgəsinin şimalındakı artilleriya bölmələrinin atəşləri və pilotsuz uçuş aparatlarının həmlələri bu vaxtadək ən güclü hücum olaraq dəyərləndirilir. Ermənistanın ağır artilleriya vasitələrindən açdıqları atəş nəticəsində Tovuz rayonundakı bir qəsəbədə bir çox ev məhv edilib.


Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib ki, Tovuz rayonu Azərbaycan üçün strateji cəhətdən çox əhəmiyyətlidir. Çünki bura yüksəklikdir və mövqelərimiz burada yerləşdirilib. Düşmən ətrafdakı bütün kəndləri təzyiq altında saxlamaq üçün buranı ələ keçirmək istədi. Bu yüksəklikdən bölgədəki müdafiəmizin dərinliklərinə başqa bir hücum başlada bilərdilər.


Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev reportajda Ermənistanın hücumlara Tovuz rayonundan başlamasının səbəblərini açıqlayıb. Hikmət Hacıyev bildirib ki, ermənilərin bəzi strateji hədəfləri var idi, ancaq buna nail ola bilmədilər. İlk hədəfləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığına, Dağlıq Qarabağ probleminə yönələn diqqəti yayındırmaq idi. İkincisi, Azərbaycanın şərq–qərb istiqamətində strateji kommunikasiya xətlərinə təhdid yaratmağa çalışırdılar.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev qeyd edib ki, əgər Azərbaycanın xəritəsinə baxsanız, bu bölgənin yalnız Azərbaycan üçün deyil, daha geniş region üçün çox önəmli olduğunu anlayacaqsınız. Azərbaycan bölgədə strateji layihələr həyata keçirib və bunların onurğa sütunu olan boru kəmərləri, xüsusilə neft və qaz boru kəmərlərinin hamısı Azərbaycan və Ermənistan sərhədinə çox yaxın bir bölgədən keçir.


Azərbaycanın Tovuz rayonundan olan "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu doğma kəndinin də bombalandığını vurğulayaraq bildirib: "Kəndimiz Ermənistan ilə sərhədboyu ərazidə yerləşdiyi üçün otuz ildən çoxdur atəş altındadır. İndiyə qədər kəndimizdən 30 mülki şəxs, o cümlədən müəllimlər, kəndlilər həlak olub. Evlərə bomba düşməsi nəticəsində şəhid olanlar var”.


Tovuz hadisələri zamanı öldürülən sakinin qızı Zərnişan Gözəlova bildirib ki, iyulun 12-də ermənilər tərəfindən atəşkəs pozuldu. İyulun 14-də səhər evimizə ermənilər tərəfindən atılan mərmi düşdü və evimizdə partlayış oldu. Nəticədə atam həlak oldu. Atam mülki şəxs idi, hərbçi deyildi.


General-mayor Hüseyn Mahmudov vurğulayıb ki, iyulun 12-dən etibarən Tovuz rayonunda baş verən bu hadisənin ilk anından etibarən Türkiyənin böyük dəstəyini hiss etdik.


Süjetdə Prezident İlham Əliyevin "Bizi ilk dəstəkləyən və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermişdir” sözləri təqdim olunub.


Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətləri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı yönəlmiş hər bir hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” fikirləri yer alıb.


Rauf Arifoğlu: "Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın ermənilər üçün çox sərt və açıq çıxışı oldu. Bunun ardınca isə ordunun Azərbaycana gəlişi, "Türk şahinlərinin Azərbaycan səmasında qalxması önəmli bir hadisə idi. Bu təlimlər elə bir kritik məqama rast gəldi ki, Azərbaycan xalqının, xüsusən bölgədə yaşayan insanların ürəklərinə sanki sərin su səpdi”.


Süjetdə Azərbaycan və Türkiyə ordularının möhtəşəm birgə hərbi təlimlərindən görüntülər də təqdim olunub.


General-mayor Hüseyn Mahmudov deyib ki, Azərbaycanın təhlükəsizliyi baxımından Türkiyənin önəmini qeyd etməmək qeyri-mümkündür. Türkiyə bu məsələdə əvəzolunmaz rol oynayır və bu, bizə güc və ərazilərimizi zəbt etməyə çalışan düşmənin cəhdlərinə qarşı döyüşmək cəsarəti verir. Eyni zamanda, əməliyyat keçirmək və işğal altındakı torpaqlarımızı azad etməyə hazır olmaq üçün bizə son dərəcə cəsarət verir.


Birgə hərbi təlimlərin önəmini vurğulayan Hikmət Hacıyev bildirib ki, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri simvolik olaraq emosional və praktiki hissədən ibarətdir. 1918-ci ildə türk əsgərləri qardaşlarına dəstək olmaq üçün Azərbaycana gəldi. Türkiyə üçün çətin bir dövr idi, Birinci Dünya müharibəsi davam edirdi. Buna baxmayaraq, türk əsgərləri erməni daşnaklarının və bolşeviklərin törətdikləri soyqırımını dayandırmaq məqsədilə Azərbaycana qardaş dəstəyi göstərmək üçün gəldilər.


Rauf Arifoğlu bildirib ki, 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gəldi. O zaman da rus və erməni silahlı dəstələri Bakıda qətliam törətmiş, 30 min Azərbaycan türkünü qətlə yetirmişdilər. Türklər gəlib əhalini xilas etdilər, Nuru Paşanın ordusu 1100 şəhid verdi.


Hikmət Hacıyev bildirib ki, 100 il sonra - 2018-ci ildə iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri Bakının mərkəzində birlikdə addımladılar.


Süjetdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı fikirləri təqdim olunub: "Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Biz böyük şair mərhum Bəxtiyar Vahabzadənin gözəl ifadəsi ilə,


Bir ananın iki oğlu,


Bir amalın iki qolu.


O da ulu, bu da ulu,


Azərbaycan-Türkiyə.


Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan xalqlarına daim inkişaf, tərəqqi arzulamaq istəyirəm. Bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.


Hikmət Hacıyev qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı, tərəfdaşlığı və qardaşlığı hər şeydən əvvəl iki ölkə arasındakı etnik qohumluq münasibətlərindən irəli gəlir və buna əsaslanaraq ölkələrimiz hər sahədə strateji və genişmiqyaslı əməkdaşlıq edir. Hər şeydən əvvəl bu əməkdaşlıq Azərbaycan və Türkiyə xalqlarının maraqlarına xidmət edir.


Elnur Əliyev: Azərbaycan xalqı üçün Türkiyə ilə hər cür əməkdaşlıq sanki ölkə daxilində bir əməkdaşlıq etmək kimi təbii haldır.


Hikmət Hacıyev: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhə, sabitliyə və inkişafa geniş miqyasda töhfə verilməkdədir. Nümunə olaraq deyə bilərəm ki, TANAP və TAP layihələri Xəzər dənizi, Cənubi Qafqaz, Qara dəniz regionu, Gürcüstan, Balkan ölkələrini, Avropa ölkələrini birləşdirir və nəhayət Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verir. Türkiyə-Azərbaycan əməkdaşlığı neft və qaz boru kəmərlərini ipək yolunun şərqi ilə qərbini birləşdirən marşrutu əhatə edir, həmçinin Orta Asiya və Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə əlaqələndirən bir yolu özündə ehtiva edir.


Elnur Əliyev: Azərbaycan ilə Türkiyənin əməkdaşlığı yalnız Qafqaz bölgəsi üçün deyil, daha geniş coğrafi ərazi üçün həyata keçirilən bütün strateji layihələri həyata keçirməyə imkan yaradır.


Hikmət Hacıyev: Azərbaycan və Türkiyə ən yaxşı rifahın paylaşılan rifah olduğuna inanır. Bütün bu amillər regional sülhə və təhlükəsizliyə töhfə verməkdədir.


Burada ortaya bir sual çıxır: Ermənistan bu proseslərin bir hissəsi ola bilərmi? Cavab: "bəli”. Ancaq Ermənistan işğalçılıq siyasətinə son verməlidir, qonşuları ilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır.


Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın düşünülmüş və ardıcıl şəkildə hücumları səbəbindən münaqişəyə çevrilməsi ilə bağlı narahatlığımızı bildiririk.


Rauf Arifoğlu: Türkiyənin bütün platformalarda, təkcə Qarabağ məsələsində deyil, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu hər birimiz bilirik və ona görə də xoşbəxtik. Bu, yalnız on milyon olmadığımızı izah edən bir həqiqətdir.


Elnur Əliyev: İki ölkənin liderlərinin çox məşhur və tarixi bir kəlamı var: "Bir millət, iki dövlət”. Bu ifadə tarixi həqiqəti, xalqlarımızın mədəniyyətini və tarixini əks etdirir. Əslində biz bir xalqıq və bu əlaqələr tarix boyunca formalaşaraq bugünkü səviyyəyə gəlib çatıb. Əslində sərhədin - Türkiyə ilə Azərbaycan arasındakı sərhədin harada olduğunu anlamaq çətindir.


Hikmət Hacıyev: Biz bir millət, iki dövlətik. Bu, hər bir azərbaycanlı üçün çox emosional bir ifadədir və məncə, hər bir Türkiyə vətəndaşı üçün də eynidir. Şüarımıza əsasən gələcəyə yönəlmiş çox geniş perspektivimiz var və bu istiqamətdə irəliləyirik. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti