Xəzər Xəbər

ABŞ S-400-ə olan nifrətin səbəbini açıqladı

Dünya | 09:44 • 20 İyun 2019
ABŞ S-400-ə olan nifrətin səbəbini açıqladı

ABŞ S-400 Rusiya zenit-raket komplekslərini Rusiyanın xeyrinə kəşfiyyat informasiyasının platforması hesab edir.

Bu haqda ABŞ-ın prezident administrasiyasındakı mənbəyə istinadən TASS agentliyi bildirib.

Qeyd edilir ki, kompleks haqqında məhz belə qənaət Türkiyənin S-400-ləri almasına qarşı Amerika etirazlarının səbəbidir.

"Rusiyanın S-400 komplekslərinin Ankara tərəfindən alınması ABŞ-ın Türkiyə ilə münasibətləri üçün ağır nəticələrə malik olacaq. Birləşmiş Ştatlar belə addımlardan qaçmağı çox istəyir”, - mənbə deyib.

Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, sazişdən imtina edildiyi halda, ABŞ Türkiyə üçün mənfi nəticələri minimallaşdırmağa hazırdır.

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Türkiyə barəsində sanksiyaların üç əlavə paketinin tətbiqinə baxır. Ssanksiyalar artıq iyulda tətbiq edilə bilər.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Lakin Ankara komplekslərdən imtina etməyəcəyini bəyan edib.

Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub./publika.az

Xəbər lenti