Xəzər Xəbər

Bakıda müəmmalı hadisə: ölümlə nəticələnən partlayışın səbəbi nədir? VİDEO

Veb TV | 20:33 • 3 Aprel 2024
Bakıda müəmmalı hadisə: ölümlə nəticələnən partlayışın səbəbi nədir?

Bakıda fərdi yaşayış evinin həyətində qazılan kanalizasiya quyusunda partlayış olub. Hadisə nəticədə ev sahibi faciəvi şəkildə ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

İlkin məlumatlara görə, 41 yaşlı Şahid Mehrəliyev evdə tək olub. Partlayışın təsirindən onun əvəlcə divara, daha sonra isə ağaca çırpıldığı bildirilir.

Mərhuma ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu qoyulub.

Hadisə yerində olarkən bizə verilən məlumata görə, Şahid Mehrəliyev taksi fəaliyyəti ilə məşğul olurmuş. O, bir neçə gün əvvəl özünə yeni avtomobil də alıb.

Hadisə baş verən ərazidən qaz xəttinin keçməsi ilə bağlı yayılan iddialara “Azəriqaz” İstehsalat Birliyi münasibət bildirib.

Qeyd olunub ki, Binə qəsəbəsində partlayış baş verən ərazidə quruma aid yeraltı qaz kəməri olmayıb. "Sözügedən ərazidə qaz kəməri olmadığından burada hansısa sızma nəticəsində partlayış baş verməsi ehtimal edilmir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar. Nəticəsi yəqin ki, yaxın günlərdə məlum olacaq", - deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı "Azərsu" ASC də məlumat yayıb. Bildirilib ki, sözügedən ərazidə kanalizasiya xətləri mövcud deyil. Vətəndaş özünə məxsus quyuda iş görərkən bədbəxt hadisə baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024