Xəzər Xəbər

Qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb VİDEO

Veb TV | 21:02 • 14 Yanvar 2022
Qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb

''Ölkə ərazisinə soyuq, arktik hava kütlələrinin daxil olması nəticəsində dünən axşamdan hava şəraiti kəskin dəyişib. Respublikanın rayonlarında müşahidə olunan yağıntı sulu qara və qara keçib".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, ən çox yağıntı Böyük Qafqaz rayonlarında müşahidə olunub. Yarım sutka ərzində yağıntının miqdarı yarım aylıq normaya bərabər olub. 

Şamaxı, İsmayıllı və Ağsu  rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayon daxili yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək 50-dən çox avtomobil yollarda qalıb.

Buzlaşma ilə əlaqədar təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkətinə qısa müddətlik məhdudiyyət qoyulub. İsmayıllı və Şamaxı Yol İstismar idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub.

Qarın təmizlənməsi, yola duz və qumun səpilməsi işləri davam etdirilir.

Qeyd edək ki, İsmayıllı və Şamaxı rayonlarına 15-20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25-30 santimetr qalınlığında qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin yenidən kəskin dəyişəcəyi ilə bağlı məlumat yayıb. Məlumata görə, yanvarın 16-sı axşam saatlarından başlayaraq yanvarın 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti