Xəzər Xəbər

“Mi-17” necə helikopterdir: Texniki xarakteristika VİDEO

Veb TV | 20:22 • 1 Dekabr 2021
“Mi-17” necə helikopterdir: Texniki xarakteristika

Dövlət Sərhəd Xidmətinə məxsus qəzaya uğrayan Mi-17 helikopteri müasir standartlara cavab verən qurğularla təchiz edilmişdi. Qəzadan sonra helikopterdə hərbçi sayının çox olması ilə bağlı müəyyən versiyalar irəli sürüldü. Ekspertlərin fikrincə bu helikopterlərə nəinki 16, maksimum 26 hərbçi də minə bilər. Dünyanın əksər ölkələrində təlimlər zamanı hərbi vertolyotların  iştirakı ilə tez-tez qəzalar baş versə də, Azərbaycanda belə hadisələr az olub. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirib ki, 44 günlük vətən müharibəsində də istifadə edilən bu helikopterlər düşmən hədəflərinin məhv edilməsində əvəzsiz rol oynayıb.

1977-ci ildən istehsal edilən Mi-17 tipli hərbi helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin arsenalına illər əvvəl daxil edilib. Ən müasir standartlara cavab verən qurğularla təchiz edilən bu vertolyotlar 44 günlük vətən müharibəsində də uğurla istifadə edilib.

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyevin sözlərinə görə, dünya ölkələrində keçirilən təlimlər zamanı helikopter qəzaları tez-tez olur. Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində isə qəza statistikası qat-qat aşağıdır. Ekspert bildirib ki, bu helikopterlərdə hətta 26 nəfər əyləşə bilər. Yəni qəzaya uğramış helikopterdə 16 hərbçinin olması normativlərə tam uyğundur.

Ədalət verdiyev qeyd edib ki, ''Mi-17''-lər Azərbaycan Ordusunun ən müasir hərbi helikopterlərindən biri hesab olunur. Təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanıb. Helikopter sanitar, nəqliyyat, desant daşınma və döyüş tətbiqində istifadə olunur. Onun döyüş dəstinə idarə olunan və olunmayan raketlər, eləcə də mərmilər daxildir. İdarə olunan raketlərin sayı 8, idarə olunmayanların sayı isə 80-ə bərabərdir. 

Qeyd edək ki, dünya ölkələrində də hərbi helikopterlərin iştirakı ilə çoxsaylı qəzalar baş verib. Məsələn, cari il martın 4-də Türkiyənin Bitlis şəhərinin Tatvan rayonuna uçan vertolyotun qəzaya uğraması nəticəsində 11 türk hərbçisi həlak olub. Bənzər hadisə avqustun 12-də Rusyanın Kamçatka yarımadasında qeydə alınıb. Nəticədə 8 nəfər həlak olmuşdu. Təkcə bu il dünyada 7 helikopter qəzası baş verib ki, nəticədə də onlarla hərbçi həyatını itirib.

Xəbər lenti