Xəzər Xəbər

Milli Məclisdə Baydenin açıqlaması sərt tənqid edildi VİDEO

Veb TV | 19:35 • 27 Aprel 2021
Milli Məclisdə Baydenin açıqlaması sərt tənqid edildi

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda bir sıra məsələlərə münasibət bildirilib. ABŞ prezidenti Co Baydenin məlum açıqlamasını deputatlar sərt tənqid ediblər. Bundan başqa, ölkədə vaksinasiya prosesi və intiharların artması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Milli Məclisin bugünkü plenar iclası ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı işlətdiyi ifadələrin tənqid edilməsi ilə başladı. Parlamentin spikeri Sahibə Qafarova bildirdi ki, BMT-nin qondarma soyqırımı ilə bağlı mövqeyi budur ki, bunu məhkəmə müəyyən etməlidir. Milli Məclisin sədri Avropa İnsan Haqları Məhkəməsinin də ermənilərin soyqırımı ilə bağlı iddialarının faktlara əsaslanmadığını təsdiqlədiyini xatırlatdı.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev son sutka ərzində vaksinasiya edilənlərin sayının azaldığını və ölkəyə müxtəlif cür vaksinlərin gətirilməsində problemlərin olduğuna diqqət çəkdi.

Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, ölkədə vaksin çatışmazlığı yoxdur və rəqəmlərin azlığı prosesin könüllü aparılması ilə bağlıdır.

Millət vəkili Hikmət Babaoğlu isə ölkədə intiharların sayının artmasına diqqət çəkdi. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün təcili və təxirəsalınmaz addımlar atılmalıdır.

Qeyd edək ki, parlamentin plenar iclasında bir sıra qanunlara dəyişikliklər 2-ci oxunuşda müzakirə edilərək qəbul olundu. Həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri və əvəzedici üzvləri seçildi.

 

Xəbər lenti

Çox oxunanlar