Xəzər Xəbər

Bu hadisələrin üstü “isti izlər”lə açıldı VİDEO

Veb TV | 20:14 • 26 Aprel 2021
Bu hadisələrin üstü “isti izlər”lə açıldı

Bir neçə rayon və şəhərdə oğurluq hadisələri olub. Abşeron rayonunda evlərdən 40 min manatdan artıq məişət əşyaları oğurlayan şəxslər saxlanıblar. Gəncədə mağazaların birindən oğurluq edən şəxslər "iş başında" yaxalanıblar. İmişlidə isə ayr-ayrı vaxtlarda oğurluqlar edərək rayon sakinlərinə ümumilikdə 5000 manatdan artıq ziyan vuran şəxslər saxlanıblar.

Abşeron rayonu Masazır qəsəbəsində evlərdən birindən oğurluq edilib. Mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də, digər məişət əşyaları və 3800 manat məbləğində nağd pul oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Etibar Talıbov və Nicat Kərimov saxlanıblar. Onların Masazırda  daha 3 evdən oğurluq etdikləri məlum olub.

Etibar Talıbov və Nicat Kərimovun ümumilikdə zərərçəkənlərə 40 min manatdan artıq maddi ziyan vurduqları məlum olub. 

Gəncə şəhərində də əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Onların bu cəhdinin qarşısı şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Orxan Abbasovun əvvəllər də eyni mağazadan bir neçə dəfə oğurluq etdiyi müəyyən edilib. 

İmişlidə də oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıblar. İlkin Əliyev və Taleh Aşurovun müxtəlif vaxtlarda rayondakı ticarət mərkəzlərindən nağd pul, kontur, siqaret, həyətlərdən isə xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə, ümumilikdə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti