Xəzər Xəbər

Minalı düzləri lalələrə bürünən Cəbrayıl və Qubadlı VİDEO

Veb TV | 21:52 • 14 Aprel 2021
Minalı düzləri lalələrə bürünən Cəbrayıl və Qubadlı

Bu xəbərimiz Qarabağın yazından, lalələrə bürünən minalı düzlərindən, kəsilərək ekoloji terrorun  qurbanı olan  ağaclarından, məhv olmuş yaşıllıqlarından, uzaqdan əzizlədiyimiz torpağından danışacayıq. Jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Qubadlının Mahruzlu kəndində minə yaxın ağac əkilib, Həkəri və Bərgüşad çaylarının qovuşduğu yerə körpə farel balıqları buraxılıb. 

Qarabağın təbiətini bu dəfə çox fərqli gördüm. Sanki, rəngarəng  çiçəklər, yamyaşıl otlar  da yazın gəlişindən istifadə edərək, bizimlə birgə sevinməyə başlayıb. Hələ bağrı yanıq lalələri demirəm, elə bil  düşmənin çirkin əməlini gizlətmək üçün döşəniblər bu düzlərə. Qarabağın yazı  minalanmış torpaqları gülüstana çevirib. Cəbrayılda 30 ildən sonra yaz günəşi doğub. 

Yaxınlaşmaq mümkün deyil. Düzlərə xalı kimi sərilən çiçəkləri, 28 ildir həsrətini çəkdiyimiz bu torpağı yalnız uzaqdan əzizləyib, oxşayırıq.  Mən bir  dəstə lalə toplaya bilmədiyim üçün üzgünəm, o isə  ata yurduna gedə bilmədiyi üçün. Böyük Mərcanlı kəndinin girişindəyik.  Düz 28 illik həsrətə son qoyulub, amma kəndə daxil ola bilmirik.  

Pis günün ömrü az olar deyib, yolumuza davam edirik. Hələ ki, Cəbrayıldayıq. Rayonun Əmirvarlı kəndində. 

İşğal olunmuş ərazilərdə mövcud olan 152 təbiət abidəsindən 135-i Şərq Çinarlarıdır. Bu  ağac təbii olaraq yalnız Qarabağda- Cəbrayıl, Qubadlı və Zəngilanda  bitir. Zamanımız çox azdır, məcburən yaz ətirli Cəbrayılnan müvəqqəti olaraq sağollaşıb, yol alırıq Qubadlıya. 

Mühit gözəl, çay ləzzətlidir, amma, təəssüflər olsun ki,  qarşımızda olan mənzərə haqqında bu sözləri demək çox çətindir. Ekoloji terrorla üz-üzə dayanmışıq. 

Bircə təsəllimiz var. Qarabağ torpağı, bu füsunkar təbiət bundan sonra bir də vəhşilik görməyəcək, terror qurbanı olmayacaq. Biz o ağacları yenidən əkər, böyüdər, barından da yeyərik.  Ekologiya nazirliyi prosesə artıq start da verib. Qubadlının Mahruzlu kəndinə minə yaxın ağac əkilib, toxum səpildi. 

Və beləcə şirin xatirələr ilə Qubadlıdan da ayrılırıq.  Qarabağa yenidən gəlmək ümidi, diləyi və arzusu ilə... 

Xəbər lenti