Xəzər Xəbər

30 illik fəaliyyəti səmərəsiz olan həmsədrlərin yersiz canfəşanlığı VİDEO

Veb TV | 21:25 • 14 Aprel 2021
30 illik fəaliyyəti səmərəsiz olan həmsədrlərin yersiz canfəşanlığı

Heç vaxt münaqişənin tənzimlənməsi istiqamətində obyektiv yanaşma ortaya qoymayan ATƏT-in Minsk qrupunun dünənki bəyanatı Ermənistanda revanşizmin baş qaldırmasına xidmət edir. Millət vəkili Elşad Mirbəşiroğu deyir ki, 30 il ərzində heç bir real addım atmayan Minsk qrupunun bəyanatı bu qrupun bir daha kimlərinsə marağına xidmət etdiyini göstərir. Millət vəkili onu da bildirdi ki, artıq münaqişə həllini tapdığı üçün Minsk qrupunun fəaliyyəti də başa çatmış hesab edilməlidir.

ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi istiqamətində 30 il ərzində heç bir real addım atmayıb. Millət vəkili Elşad Mirbəşioğlu Minsk Qrupu həmsədrlərinin dünənki yersiz bəyanatını şərh edərkən belə deyib. O bildirib ki, Minsk qrupu bu illər ərzində sadəcə aktiv fəaliyyət görüntüsü yaradıb. Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland da son açıqlamasında həmsədrlərin sadəcə boşa vaxt keçirdiklərini bildirib. Buna baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və BMT-nin münaqişə ilə bağlı müvafiq qətnamələri icra olunub. Dolayısı ilə illər əvvəl münaqişənin tənzimlənməsi məqsədi ilə yaradılan Minsk Qrupunun fəaliyyəti də başa çatmış sayılır.

Millət vəkili deyir ki, Minsk Qrupunun yaradılması prinsipi də əslində bu təşkilatın niyə real addım atılmadığından xəbər verir. Həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa bütövlükdə münaqişəni daim öz inhisarlarında saxlamağa çalışıblar. Halbuki, Minsk qrupuna üzv dövlətlər siyahısında təkcə xristian ölkələri yoxdur. Məsələn, regionda böyük nüfuza malik olan Türkiyə də qrupun həmsədrliyində təmsil olunmalı idi..

Millət vəkilinin fikrincə, dünənki bəyanata imza atan Rusiyalı həmsədr unudur ki, regionda tam yeni bir reallıq yaranıb və onun ölkəsinin sülhməramlıları Dağlıq Qarabağdadır. Fransa isə başa düşməlidir ki, Azərbaycan cəmiyyətində bu ölkəyə heç bir inam yoxdur. 

 

Xəbər lenti