Xəzər Xəbər

Azərbaycanda palçıq vulkanlarından səmərəli istifadə ilə bağlı təkliflər hazırlanıb video

Veb TV | 20:08 • 13 Mart 2021
Azərbaycanda palçıq vulkanlarından səmərəli istifadə ilə bağlı təkliflər hazırlanıb

Azərbaycanda palçıq vulkanlarından daha səmərəli istifadə edilə bilər. Bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən təkliflər hazırlanıb. 

Xezerxeber.az-ın məlumatına görə, təkliflərdən biri belə vulkanlardan çıxan palçıqların müalicəvi xüsusiyyətlərinin təsdiq olunması ilə bağlıdır. 

Agentliyin Mədəni irs və regional turizm şöbəsinin böyük məsləhətçisi Könül Nuriyeva hesab edir ki, bütün vulkan palçıqlarının kimyəvi və üzvü tərkibi fərqli olduğundan hər birindən müalicə məqsədilə istifadə edilə bilməz. Buna görə də müalicə məqsədilə istifadə üçün nəzərdə tutulan vulkan palçıqlarının analizi aparılmalı, hansı xəstəliklərin müalicəsində tətbiq oluna biləcəyi müəyyənləşdirilməlidir. 

Təkliflərdə o da qeyd olunub ki, Zığ və Masazır palçıqlarından istifadə etməklə kompleks müalicə xidməti göstərən sanatoriyaların tikintisi iqtisadi cəhətdən səmərəli ola bilər. 

Könül Nuriyeva bildirib ki, Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq Qobustan, Abşeron yarımadası, Abşeron arxipelaqı, Cənub-Şərqi Şirvan düzü, Şamaxı rayonu, Ağsu çayının aşağı axarı, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Ümumilikdə, Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. 

Araşdırma zamanı 40-a yaxın palçıq vulkanının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb. Qurum rəsmisi onu da qeyd edib ki, palçıq vulkanlarından səmərəli istifadə olunması məsələsi 2019-2023-cü illərdə nəzərdə tutulan dövlət proqramında da əksini tapıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti