Xəzər Xəbər

Pilot layihənin icrası gecikir - Səbəb maraqlıdır VİDEO

Sakinlər bu dəfə MTK-dan yox, öz qonşularından narazıdırlar
Veb TV | 20:05 • 10 Mart 2021
Pilot layihənin icrası gecikir - Səbəb maraqlıdır

Nəsimi rayonunda pilot layihəyə düşən bina 3 ildir ki, sökülmür. 55 mənzili olan binanın 41 mülkiyyətçisi tikinti şirkəti ilə razılaşıb, mənzillərini tərk ediblər. 9 mülkiyyətçi razılaşmadığından pilot layihənin icrası gecikir. Iddialara görə, razılaşmayan sakinlər MTK-dan həddindən artıq böyük sahə tələb edirlər. Bu səbəbdən də bina sökülmür və evlərini tərk edərək kirayəyə çıxan digər sakinlər əziyyətlə üzləşirlər. Məhkəməyə qədər uzanan işlə bağlı hələ ki, yekun qərar da yoxdur.

Pilot layihəyə düşən binanın sakinləri bu dəfə MTK-dan yox, öz qonşularından şikayətçidirlər. Söhbət Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanındakı bu yaşayış binasından gedir. Şikayətçilər bildirirlər ki, onların binası 2017-ci ildə pilot layihəyə düşüb. 2018-ci ildə Nəsimi Rayonu İcra Hakimiyyəti ilə ''Yeni Ailə'' Mənzil Tikinti Koorperativi arasında bağlanan müqaviləyə əsasən bina sökülməli, yerində müasir bina tikilməli imiş. Bu vaxtdan sonra 55 mənzili olan binanın 41mənzil sahibi tikinti şirkəti ilə razılığa gəlib, notarial qaydada müqavilə bağlayaraq yeni bina tikilənə qədər kirayəyə çıxıblar. 3 ilə yaxındır ki, yerdə qalan 14 mənzilin 9 mülkiyyətçisi ilə heç bir razılıq əldə olunmur. İddialara görə, buna səbəb çıxmaq istəməyən sakinlərin MTK-dan həddindən artıq böyük sahə istəmələridir. Bu səbəbdən də 3 ildir ki, həmin bina sökülmür və layihənin icrası gecikir. Buna görə də, kirayəyə çıxan sakinlər əziyyətlə üzləşir. 

Kirayədə qalan sakinlər bildirirlər ki, həmin bina qəzalı vəziyyətdədir. Hətta Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəyi də var. Bu səbəbdən onlar əvvəlki mənzillərinə geri dönmək istəmirlər. 

Əvvəlcə bu iddialarla bağlı evlərindən çıxmaq istəməyən sakinlərin münasibətini öyrənməyə çalışdıq. Müsahibə vermək istəməyən qonşular şifahi olaraq bildirdilər ki, mənzillərini tərk etmək fikirləri yoxdur. 

''Xəzər Xəbər''ə müsahibə verən ''Yeni Ailə '' MTK-nın sədri Ziya Hacıyev isə bildirdi ki, artıq məsələ məhkəməyə qədər uzanıb. 

Nəsimi rayonu İcra Hakimiyyətindən isə bildirildi ki, mənzillərini tərk etmək istəməyən sakinlər icranın sərəcamını ləğv etdirmək üçün məhkəməyə müraciət ediblər. Ancaq məhkəmənin dünən təyin edilən toplantısında həmin sakinlərin iddiası təmin edilməyib. Yaxın günlərdə məsələ ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul ediləcək.

Xəbər lenti

Çox oxunanlar