Xəzər Xəbər

Məcburi köçkünlərin yataqxanası niyə yanıb? VİDEO

Qəfil başlayan yanğın mənzillərin tamamilə kül olmasına səbəb olub.
Veb TV | 20:18 • 24 Fevral 2021
Məcburi köçkünlərin yataqxanası niyə yanıb?

Səhər saatlarında Bakının Yasamal rayonunda məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın olub. Yanğın binanın damına artırılan mənzillərdə baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Ümumilikdə yanğın zamanı 6 ev içərisindəki əşyalarla birlikdə yanıb, 11 mənzilə isə qismət ziyan dəyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi evləri yanan şəxsləri kirayə mənzillərlə təmin edəcək.

Evlərində olan sağlam əşyalarını çıxarmağa cəhd göstərirlər. Amma bunun heç bir faydası olmayıb.

Qəfil başlayan yanğın mənzillərin tamamilə kül olmasına səbəb olub.

Görüntülər paytaxtın Yasamal rayonunda baş verən yanğındandır. Hadisə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Alovları ram etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın damında olan artırma tikililər daxil olmaqla ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. İlkin araşdırmalar zamanı 6 tikilinin əşyaları ilə birlikdə yandığı məlum olub. Nəticədə Ağdam rayonundan olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra komitənin əməkdaşları ərazidə olublar və sakinlərlə görüş keçiriblər.

İbrahim Mirzəyev əlavə edib ki, yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Hadisənin səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Nazirliyin araşdırmasından sonra yekun rəy veriləcək və onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

 

Xəbər lenti