Xəzər Xəbər

Yalçın Rzazadə ilə vida mərasimi keçirildi VİDEO

Veb TV | 23:41 • 23 Fevral 2021
Yalçın Rzazadə ilə vida mərasimi keçirildi

O ifası, səs tembri  ilə musiqi sənətimizdə silinməz iz buraxdı. Yalçın Rzazadə bir çox filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib. Xalq artisti dünən 75 yaşında vəfat edib. O, bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılıb.

Azərbaycan musiqisi ağacından daha bir yarpaq  əskildi. Bu gün musiqimizin incisi, Xalq artisti Yalçın Rzazadə son mənzilə yola salınıb.

Yalçın Rzazadə 31 dekbar 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. Dünən isə 75 yaşında vəfat edib. Xalq artisti ilə vida mərasimi Yasamal rayonu ərazisində yerləşən evində baş tutub.

Mərasimdə bir sıra incəsənət nümayəndləri və xalq artistini sevənlər iştirak edib. Daha sonra Yalçın Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb. Mərhumun oğlu, əvvəlcə atasının dəfn yeri ilə bağlı konkret bir qərar olmadığını, Mədəniyyət Nazirliyindən cavab gözlədiyini desə də, daha sonra məclisə dəvət edilmiş din xadimi xalq artistinin  vəsiyyəti əsasında Lənkəranda dəfn ediləcəyini bildirib.

Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Xəbər lenti