Xəzər Xəbər

"Parklanma ödənişsizdir" lövhələri var, amma yenə pul tələb edilir - VİDEO

Veb TV | 18:05 • 16 Yanvar 2020
 "Parklanma ödənişsizdir" lövhələri var, amma yenə pul tələb edilir  -

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Bakı şəhərinin əsas küçə və prospektlərində parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.


Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.


Xezerxeber.az-ın məlumatına görə, nişanlar, qaydalar və açıq-aydın Azərbaycan dilində yazılan məlumat lövhəsinə baxmayaraq, yenə də sürücülərdən parklanmaya görə pul tələb edənlər var. Məlumat lövhəsinin düz altında saxlanan hər bir avtomobildən yenə ödəniş alınır.

Parklanmaya nəzarət adı ilə pul alan şəxslərin özləri də bu əməlin qanunsuz olduğunu etiraf edir. Lakin əraziyə qoyulan nişanın tələbinə məhəl qoyan yoxdur.

Çəkiliş aparmağımızla bağlı əraziyə gələn şəxslərin göstərişi ilə nəzarətçilər ərazidən uzaqlaşdırılıb. Lakin bir müddət sonra onlar yenə öz işlərinin başına qayıdıblar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Qeyd edək ki, məlumat lövhələrinin parklanma yeri olan bütün küçələrdə quraşdırılması nəzərdə tutulur. Sürücülər parkinq üçün heç bir şəxsə ödəniş etməməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti