Xəzər Xəbər

Yeni Ombudsman bəlli oldu VİDEO

Veb TV | 19:44 • 29 Noyabr 2019
Yeni Ombudsman bəlli oldu

Milli Məclisin bugünkü iclası büdcə zərfinə daxil olan qanun layihələrinin 3-cü oxunuşda müzakirələri ilə başladı. Millət vəkilləri hökumətin büdcə layihəsini səsə qoyaraq qəbul etdilər.

Daha sonra isə Azərbaycanın insan hüquqları üzrə müvəkkili-ombudsmanın seçilməsi prosesi başladı. Bu barədə danışan parlamentin vitse-spikeri Bahar Muradova bildirdi ki, ombudsman institutu Azərbaycanda indiyədək yeni qurum kimi çox faydalı işlər görüb və bundan sonra da bu orqanın fəaliyyəti insan hüquqlarının qorunması üçün vacibdir. O, qeyd etdi ki, dövlət başçısı ombudsman üçün 3 nəfəri - Səbinə Əliyeva, Kəmalə Əliyeva və Kəmalə Abıyevanı təklif edib və parlament onlardan birini seçməlidir.

Daha sonra çıxış edən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli bildirdi ki, namizədlərin hamısı təcrübəli insanlardır, ancaq Konstitutsiya Məhkəməsinin aparat rəhbərinin müavini Səbinə Əliyevanın insan hüquqları sahəsindəki təcrübəsi daha çoxdur.

Daha sonra parlamentin spikeri Oqtay Əsədov deputatları səsvermədə iştirak etməyə çağırdı. Səsvermə nəticəsində 104 səslə Səbinə Əliyeva Azərbaycanın yeni ombudsmanı seçildi. O, Milli Məclisin tribunasında and içərək vəzifə səlahiyyətlərini layiqincə yetirəcəyinə söz verdi. Yeni ombudsman fəaliyyətində prioritet olacaq sahələri də açıqladı.

Onu da qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili indiyədək Elmira Süleymanova olub. Bu vəzifəyə yeni seçilən Səbinə Əliyeva Bakı Dövlət Universiteti və Prezident Yanında İdarəçilik Akademiyasını bitirib. Peşəkar hüquqşünas olan Səbinə Əliyeva hüquq üzrə fəlsəfə doktorudur.

Xəbər lenti