Xəzər Xəbər

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur - VİDEO

Veb TV | 18:53 • 15 İyun 2019
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur -

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilmiş iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

1993-cü ilin 15 iyun tarixi təkcə Azərbaycan dövlətçiliyinin deyil, eləcə də Azərbaycan xalqının qurtuluş günü idi. Çünki əgər o zaman ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlməsəydi, ölkənin parçalanması və xalqın birliyinin pozulması labüd olacaqdı.

Millət vəkili Novruzəli Aslanov bildirir ki, qurtuluş gününün mahiyyəti elə onun adındadır. Onun sözlərinə görə, xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın həm siyasi, həm də iqtisadi-mədəni həyatında sabitliyin bərqərar olmasına səbəb oldu.

Novruzəli Aslanov qeyd edir ki, qurtuluş günü adlandırılan 1993-cü ilin iyununda Heydər Əliyev əsl qəhrəmanlıq və liderlik nümunəsi göstərərək ölkəni çətin vəziyyətdən çıxardı.

Millət vəkili Hüseynbala Mirələmov isə bildirir ki, ulu öndər Heydər Əliyevə o zamankı prezident Əbülfəz Elçibəy dəfələrlə müraciət edərək onu Bakıya dəvət etmişdi. Heydər Əliyev bundan sonra xalqın da çoxsaylı təkidlərini nəzərə alaraq, Naxçıvanda iclas keçirmiş və baş verənləri sakit izləyə bilməyəcəyini açıqlamışdı.

Millət vəkili bildirir ki, o vaxt mövcud hakimiyyətin uğursuz siyasəti nəticəsində ölkədə xaos baş alıb gedirdi və insanlar silahlı dəstələrin fəaliyyətindən ciddi əziyyət çəkirdi. Ulu öndər elə ilk olaraq gələn kimi bu məsələyə son qoydu və ölkədə sabitlik başladı.

Millət vəkilinin sözlərinə görə, ulu öndər iyun ayında Bakıya gələndən sonra öncəki hökumətin ucuz qiymətə xaricilərə satmaq istədiyi neft müqavilələrini ləğv etdi və nəticədə bir il sonra Azərbaycanın layiq olduğu yeni neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da hər sahədə başlayan inkişaf bugünkü Azərbaycanın əsasını qoymuş oldu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti