Xəzər Xəbər

Şəhid vərəsələrinə ödənişlərin edilməsi prosesi davam etdirilir - VİDEO

Veb TV | 20:36 • 16 Noyabr 2018
Şəhid vərəsələrinə ödənişlərin edilməsi prosesi davam etdirilir -

Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi prosesi uğurla davam edir. Artıq bu ayın əvvəlindən 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və müvafiq vəsait vərəsələrin bank hesablarına köçürülür.

Xezerxeber.az-ın məlumatına görə, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması prosesi Şəmkir rayonunu da əhatə edir. Bu rayonda yaşayan həmin qəbildən olan insanlar artıq müvafiq ödənişləri alıblar.

Birdəfəlik ödəmə ilə təmin olunan şəhid ailələrinin bir çoxu həmçinin mənzil, təqaüd, pensiya və müavinətlərlə də təmin olunub. Eyni zamanda, onların ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqları da dövlət büdcəsi hesabına ödənilir.

Şəmkir rayonunda birdəfəlik ödəmə verilən şəhid ailələrinin bir qismi, eyni zamanda özünəməşğulluq proqramına da cəlb olunub. Söhbət zamanı həmin ailələrin üzvləri həm birdəfəlik ödəmə ilə təmin edilmələrinin, həm də kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünəməşğulluq proqramı ilə əhatə olunmalarının onların rifahına mühüm dəstək olduğunu vurğulayıblar.

Qeyd edək ki, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, eləcə də onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi məsələləri hər zaman dövlətin diqqət mərkəzindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar