Xəzər Xəbər

Bakıda tələblərə uyğun olmayan ət kəsimi məntəqələri sökülür - VİDEO

Veb TV | 20:03 • 13 Noyabr 2018
Bakıda tələblərə uyğun olmayan ət kəsimi məntəqələri sökülür -

Qida Təhlükəsizliyi Agentliy sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə reydlərini davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində keçirilən budəfəki monitorinq zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri sökülüb.

Məlum olub ki, antisanitar vəziyyətdə kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılıb.

Burada üzərində sağlamlığına dair heç bir nişan olmayan qaralmış ətin satışı həyata keçirilir.

Bütün bu ürəkbulandırıcı görüntülər Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi reyd zamanı üzə çıxıb.

Reyddə qida təhlükəsizliyi tələblərinə və sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələri hədəf alınıb. Monitorinqlər Yasamal rayonu ərazisində Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Əvvəlcə binanın həyətində olan bu kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb. Heç bir sanitar normaya cavab verməyən qanunsuz kəsim məntəqələrinin kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Bu isə ən çox həmin bina sakinlərinin ürəyincə olub.

Daha sonra isə Şərifzadə küçəsində kəsim məntəqələrinə baxış keçirilib. Burada iki qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb.

Həmçinin obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb. Ət kəsimi ilə məşğul olanların ən böyük istəyi isə rayon ərazisində mərkəzi kəsim məntəqəsinin yaradılması olub.

Qida Təhlükəsizliyi Agentliyinin 1 saylı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirdi ki, həmin obyekt sahiblərinə qanunsuz fəaliyyət göstərmələri ilə bağlı bir müddət əvvəl xəbərdarlıqlar edilib, ancaq bəzi qanunsuz kəsim məntəqələrinin sahibləri buna məhəl qoymayıblar. Əkbər Əliyev, sanitar normalara cavab verməyən kəsim məntəqələrindən ət alanlara da xəbərdarlıq edib.

Agentliyin rəsmisi bildirdi ki, bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti