Xəzər Xəbər

Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu VİDEO

Veb TV | 20:56 • 25 Sentyabr 2018
Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu

Prezident İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində açılan "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

"ADEX-2018" sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Prezident İlham Əliyev öncə Ekspo Mərkəzin qarşısında nümayiş olunan hərbi məhsul və texnikalara baxıb. Azərbaycan istehsalı olan Matador və Marauder zirehli maşınları, eləcə də tank əleyhinə raket kompleksi böyük maraqla qarşılanıb.

Hava hücumundan müdafiə silahları və hərbi texnikalarının servis xidməti mərkəzi, Azərbaycan-Belarus müəssisəsi ilə bağlı dövlət başçısına məlumat verildi. Bu ortaq qurum silahların təkmilləşdirilməsi, modelləşdirilməsi, hərbi elmi-tədqiqat işi, hərbi texnikalar üçün proqram təminatının hazırlanması ilə məşğuldur. Şirkət Müdafiə sənayesi sərgisinin fəal iştirakçıları arasındadır.

Təkərli zirehli texnika sahəsində ixtisaslaşan Rusiya şirkəti isə terrora qarşı mübarizə sahəsində bu zirehli maşınlardan uğurla istifadə edilməsi ilə bağlı dövlət başçısına məlumat verilib.

Daha sonra prezident İlham Əliyev Ekspo mərkəzin daxilindəki pavilyonlarla tanış olub. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlükdə Türkiyə 41şirkət, Rusiya 25 şirkət, İsrail 14 şirkət və Belarus 10 şirkətlə təmsil olunublar. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına daha da genişlənib.

E

Bundan başqa Azərbaycanda istehsal olunan əsgər payı və hərbi sahə üçün nümayiş olunan digər qidalar sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Dövlət sərhəd xidmətinin stendində yerli müdafiə gəmilərinin hazırlanması və onların texniki göstəriciləri barədə ətraflı məlumatlar nümayiş olunub.

Dövlət başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda olub. Prezident İlham Əliyevə son illər milli müdafiə sənayesi sahəsində ciddi irəliləyişlər əldə olunduğu, qurumun tabeliyində olan müəssisələrin dünyanın ən qabaqcıl texnoloji avadanlıqları ilə təchiz olunduğu bildirilib. Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal "Gürzə" avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik- ANAMA sərginin fəal iştirakçılarıdır.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan "Caspian Ship Building Company", Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, "Vitta" elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Xəbər lenti