Xəzər Xəbər

Bakıda güclü yağış: 8 avtomobil dağıntılar altında qalıb, 2 evə ziyan dəyib - VİDEO

Veb TV | 20:25 • 23 Sentyabr 2018
Bakıda güclü yağış:

İntensiv yağan yağış paytaxtın bəzi ərazilərində uçqunlara səbəb olub. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobillərinə və 1 mənzilə ciddi ziyan dəyib. Hadisənin fəsadlarının aradan qaldırılması zamanı polis əməkdaşları fəal iştirak ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Bakıya yağan güclü yağış zamanı polis əməkdaşları da operativ və təxirəsalınmaz tədbirlər həyata keçiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejmində çalışıblar.

Polis əməkdaşı xidməti avtomobildən düşərək yoldakı kanalizasiya lükünün ağzını açıb. Nəticədə yola yığılan su sürətlə boruya tökülməyə başlayır.

Uçqun baş verən əraziyə isə polislər tərəfindən təhlükəsizlik lentləri çəkilib. Məqsəd baş vərə biləcək növbəti uçqun zamanı insan tələfatının qarşısını almaqdır.

Yağan yağışlar zamanı ən böyük uçqun Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında qeydə alınıb. Uçqun zamanı 5 avtomobilə ciddi ziyan dəyib.

Tbilisi prospekti 50 ünvanında yol çöküb. Çökməyə əsas səbəb kimi sözügedən ünvanda tikilməkdə olan yaşayış binasının yola həddindən artıq yaxın olması göstərilib.

Başqa bir uçqun hadisəsi isə Yasamal rayonu, Qırmızı Şərq küçəsində qeydə alınıb. Burada isə 3 avtomobilə ciddi ziyan dəyib. Bənzər hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində də baş verib. Ərazidə məktəbin hasarı minik maşınının üstünə aşıb.

Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi dalan 15 ünvanında isə yaşayış evinin divarı uçub. Nəticədə evə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə aidiyyati qrumların əməkdaşları gəlib.

Metronun "Nizami" stansiyasının qarşısındakı yaşayış binasının isə eyvanı uçub. Hadisə baş verən zaman xoşbəxtlikdən heç kim xəsarət almayıb. Buna baxmayaraq, ərazi polislər tərəfindən dərhal təhlüksizlik lentləri vasitəsi ilə bağlanılıb, insanların girişinə qadağa qoyulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti