Xəzər Xəbər

Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu VİDEO

Veb TV | 20:58 • 21 Aprel 2018
Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu

Bu gün daha bir önəmli hadisə ilə yadda qaldı. Belə ki, prezident seçkilərindən sonra yeni höküməti formalaşdıracaq baş nazirin adı ictimaiyyətə açıqlandı. Azərbaycanın müstəqillik dönəmindəki səkkizinci baş naziri prezidentin sabiq köməkçisi Novruz Məmmədov oldu. Parlamentdə namizədliyi təsdiqlənən Novruz Məmmədov baş nazir kimi ilk nitqində siyasi, iqtisadi islahatların davam edəcəyi anonsunu verib.

Bu gün Milli Məclis Azərbaycanın yeni baş nazirini təsdiq etmək üçün növbədənkənar iclasa toplaşdı. Plenar iclası açıq elan edən parlamentin sədri Oqtay Əsədov dövlət başçısı tərəfindən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb.

Sonra çıxış edən millət vəkilləri Novruz Məmmədov haqqında fikirlərini bölüşüblər. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun Azərbaycanın xarici siyasətini çox yaxşı bildiyinə və bu prosesə mühüm töhvələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra millət vəkilləri Novruz Məmmədovun namizədliyini səsə qoyaraq təsdiqləyiblər.

Novruz Məmmədov parlament tribunasında baş nazir vəzifəsində ilk çıxışını edərək ona göstərilən yüksək etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Novruz Məmmədov Azərbaycanda siyasi sahə ilə yanaşı iqtisadi sahədə də həyata keçiriləcək bir sıra islahatların anonsunu verdi.

Çıxışdan sonra parlamentin spikeri Novruz Məmmədova yeni vəzifəsində uğurlar arzulayıb və iclası bağlı elan edib.


Xəbər lenti