Xəzər Xəbər

Bakıda telefon mağazasında cibgirlik - VİDEO

Veb TV | 20:03 • 14 Aprel 2018
Bakıda telefon mağazasında cibgirlik -

Telefon mağazasında kassanın qarşısında duran şəxsin cibinə girmək üçün fürsət axtarır. Digər müştərinin isə satıcı ilə söhbət etdiyini görüb, qarşısında duran yaşlı kişinin cibinə girir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın Nərimanov rayonu ərazisindəki telefon mağazalarından birinin təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş hadisədən bir neçə dəqiqə sonra xəbər tutan kimi ərazi üzrə 18-ci polis şöbəsinə müraciət edib. O bildirib ki, mağazada olarkən cibindən içərisində 120 dollar və 100 manat olan pul kisəsi oğurlanıb.

Şöbə əməkdaşları obyektin təhlükəsizlik kamerasına baxış keçirərkən cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən ediblər. Əməliyyatla qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Paytaxtın Sabunçu polisi isə köşkü qarət edən şəxsi tutub. Gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birindən Mühafizə Məntəqəsinə ''həyəcan'' siqnalı daxil olub.

Polis dərhal hadisə yerinə gəlib. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Nicat Yolçuyev həmin obyektdə saxlanılıb. Həmin vaxt onun üzərindən, narkotik maddə və kəsici-deşici alət də aşkar olunub. Hər iki faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb.

Oğuz rayonunda isə meşədən oğurluq edən şəxslər saxlanılıb. Rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər. Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri - Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti