Xəzər Xəbər

AŞPA Azərbaycana ikili standartlarla yanaşır - Bu qurumla münasibətlər dayandırıla bilər - VİDEO

Veb TV | 20:55 • 12 Oktyabr 2017
AŞPA Azərbaycana ikili standartlarla yanaşır -

Avropa Şurasında bir gündə bir ölkəyə qarşı iki sənədin qəbul edilməsi qurumun tarixində görülməyən hadisələrdən biridir. Məhz bu addım özü elə Azərbaycana bu qurumda ikili standartlarla yanaşılmasının bariz göstəricisidir. AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələrə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bu qurumla münasibətlərin gələcəyinə yenidən baxılmalı olduğunu da vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı iki qətnamənin qəbul olunması Azərbaycanda sərt etirazla qarşılanıb. Ölkənin ictimai-siyasi dairələri bu qətnamələri xüsusi məqsəd daşıyan qərəzli və ədalətsiz addım kimi qiymətləndiriblər. Xüsusilə də AŞPA-nın hansısa qüvvələrin əlində təzyiq vasitəsinə çevrilməsi və konkret sifariş yerinə yetirməsi ciddi təəssüf oyadıb.

Bir gündə bir ölkəyə qarşı iki qətnamənin qəbul olunmasını bu qurumun tarixində nadir hadisə olduğunu deyən millət vəkili Aydın Mirzəzadə bunun məhz sifariş olduğunu bildirib.

Millət vəkili deyir ki, Avropa Məhkəməsində müxtəlif ölkələrlə bağlı 10 mindən çox məhkəmə işi qəbul edilsə də, bu qərarlar icra olunmur, amma heç bir Avropa ölkəsinə buna görə təzyiq göstərilmir. Ancaq bu münasibətin sırf Azərbaycana qarşı yönəlməsi artıq qurumun fəaliyyətinin obyektivlikdən nə qədər uzaq olmasını göstərir.

Aydın Mirzəzadə deyir ki, Avropa Şurasının müxtəlif hüquqların pozulması adı altında Azərbaycana qarşı qəbul etdiyi qərar və sənədlər sırf bu ölkənin suveren ölkə kimi davranması və öz hüquqlarını müdafiə etməsi səbəbindən baş verir. Bu isə Azərbaycanın qurumun bir üzvü kimi hüquqlarının açıq-aydın pozulmasıdır. Buna görə də Azərbaycanın bu addımlara adekvat reaksiyaları arasında AŞPA ilə münasibətlərin dayandırılması da var.

Onu da qeyd edək ki, bu yaxınlarda dövlət başçısı da Avropa ölkələrinin səfirləri ilə görüşündə qeyd etmişdi ki, AŞPA ilə münasibətlər dayandırılsa, bu, Azərbaycandan çox bu qurumun zərərinə olacaq.

Xəbər lenti