Xəzər Xəbər

Bəzi həkimlərin yeni variantı - "Uzman"lıq niyə dəb olub? - VİDEO

Veb TV | 19:58 • 10 Mart 2017
Bəzi həkimlərin yeni variantı -

Azərbaycanda tibb təhsili alır, hansısa xarici ölkədə, əsasən də Türkiyədə bir neçə aylıq təcrübə keçib qayıdır. 

Xezerxeber.az məlumat verir ki, hansısa klinikada işə düzəlib, qapının üstünə "uzman", yəni yüksək səviyyəli mütəxəssis həkim yazdıraraq pasient yığır.

Terapevt, oftalmoloq, dietoloq, bir sözlə Azərbaycan klinikalarında hər sahədə "uzman” həkimlər var. Əslində uzmanlıq dərəcəsi rezidentura kimidir, 4-6 il həmin sahədə assistentlik etmək, elmi məqalələr yazmaq kimi fəaliyyət tələb edir.

Əksər hallarda "uzman" ifadəsi pasiyentlərdə inam yaradır və sağlamlığına qovuşacağına ümidi artırır.

Uzmanlıq tibb sahəsində doktorantura deməkdir. Amma Azərbaycanda, ya da digər ölkələrdə Tibb Universitetini yenicə başa vurmuş, Türkiyədə bir neçə aylıq, hətta bir neçə həftəlik seminar-kurslar keçdikdən sonra qayıdan bəzi həkimlər özünü "uzman" adlandırmağa başlayıb. Çünki pasientlərin əksəriyyəti onun bu adı necə almasına dair sənəd tələb etmir, baxmayaraq ki, bəziləri otaqlarını sertifikat və bənzər sənədlərlə bəzəyir.

"Uzmanlar” fürsətdən istifadə edərək əslində bu ünvana əsas olmayan seminar və kursların xərcini də pasentlərə yükləyirlər. Yüksək səviyyəli mütəxəssis kimi xəstə qəbulunu daha baha edirlər. Bu da öz növbəsində illərini verib təhsil alan və gerçək uzman dərəcəsi əldə etmiş həkimləri də şübhə altında qoyur.

Səhiyyə Nazirlyindən verilən məlumata görə, bu hala özəl xəstəxanalarda rast gəlinir. Nazirlik aylıq, həftəlik kursların verdiyi sertifikatları tanımadığından belə həkimlərin mütəxəssis kimi fəaliyyət göstərmələrinə də qarşıdır. Xəstəxana rəhbərləri işçi qəbulu zamanı buna xüsusi nəzarət etməlidir.

Nazirlikdən verilən məlumata görə, ölkədə rezidentura mexanizmi yeni yaradıldığından həkimlər mütəxəssis adına yiyələnmək üçün xarici ölkələrə üz tuturdular. Xaricdə təhsilə marağı azaltmaq və bu hallara son qoymaq üçün isə mexanizmin təkmilləşdirilməsi günün əsas prioritetlərdəndir. Xəstə müraciət etdiyi uzman həkimdən bununla bağlı diplomunu, habelə nazirliyin verdiyi mütəxəssislik şəhadətnaməsini də tələb edə bilər. Saxta uzmanlıq iddiaları üzləşənlər isə qaynar xəttə şikayət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar