Xəzər Xəbər

Azərbaycanda saytlar çökdü - Nazirlik səbəbini açıqladı

Texnologiya | 17:43 • 22 İyun 2022
Azərbaycanda saytlar çökdü - Nazirlik səbəbini açıqladı

Dünən səhər saatlarında Azərbaycanda bəzi internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Bu isə hər hansı kiberhücumun edilməsi və ya yerli internet provayderlərinin infrastrukturunda problemlərin yaranması ilə bağlı suallar doğurub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirildi ki, verilən fasilələr “Cloudflare” şirkətinin xidmətində baş verən texniki problemdən qaynaqlanıb.

Qeyd edək ki, “Cloudflare” veb-əsaslı tətbiqlər üçün təhlükəsizlik həlləri təqdim edən qlobal platformadır. Ölkəmizdə bu platformanın təqdim etdiyi xidmətlərdən, xüsusilə veb-tətbiqlər üçün təhlükəsizlik divarı (WAF) xidmətindən istifadə edən çox sayda internet informasiya ehtiyatı mövcuddur.

Şirkətin rəsmi açıqlamasına əsasən, provayderin şəbəkə arxitekturasında əsaslı dəyişikliklərin edilməsi prosesində yol verilən konfiqurasiya səhvi bütövlükdə şəbəkənin əlçatanlığına təsir edib. İnsident 93 dəqiqə davam edib və bu “Cloudflare” şirkətinin 19 data mərkəzində qeydə alınıb. Hazırda provayder tərəfindən problem aradan qaldırılıb və bütün data mərkəzlərin fəaliyyəti bərpa edilib.

 

Xəbər lenti