Bu gün AZƏRTAC bəşər tarixində ən kütləvi avtomobil sayılan "Folksvagen-böcək” (Volkswagen Käfer) avtomobili barədə söhbət açacaq. Təsadüfi deyil ki, bu avtomobil XX əsrin "ikona”larından biri hesab edilir: o, həm İkinci Dünya müharibəsindən sonrakı dövrdə Qərbi Almaniya "iqtisadi möcüzəsi”nin, həm alman mallarına xas olan yüksək keyfiyyətin, həm bəşəriyyətin "maşınlaşdırılması”nın, həm də 1960-cı illərin ikinci yarısı – 1970-ci illərin əvvəli üçün əlamətdar olan gənc qiyamçıların rəmzidir. Hətta hazırda kult sayılan bu avtomobilin kütləvi istehsalı nizama salınandan əvvəl "Üçüncü Reyx”də ondan təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdılar.
Məlumdur ki, 1934-cü ildə Hitler məşhur konstruktor Ferdinand Porşeyə qiyməti ucuz (min reyxs markasından baha olmayan) və xidmət göstərilməsi asan olan avtomobil modelinin kütləvi istehsalını qaydaya salmaq barədə tapşırıq vermişdi. Layihə "Volkswagen” ("Xalq avtomobili”) adlanırdı. Lakin çoxları bilmir ki, hələ 1931-ci ildə Almaniyada çıxan "Motor-Kritik” avtomobil jurnalının baş redaktoru və avtomobil konstruktoru Yozef Hans kiçiklitrajlı avtomobillərin 30 prototipini yaratmışdı. Onlardan biri "Maikäfer” ("May böcəyi”) adlanırdı.
1933-cü ildə Hans "Standard” firması üçün yaradılmış "Superior” modelini təqdim etdi. Bu maşın arxa tərəfdə yerləşən iki silindrli mühərrik, boruşəkilli çərçivə və bütün çarxların asılmış vəziyyətdə saxlanmasını təmin edən qurğu ilə təchiz olunmuşdu. "Xalq avtomobili” mənasında işlədilən "Folksvagen” sözü tarixdə ilk dəfə "Standard Superior” modelinin reklamında tətbiq edilib. Elə həmin il bu maşın Berlində keçirilən beynəlxalq avto-moto sərgidə nümayiş etdirildi.
"Superior” modeli Hitlerin xoşuna gəldi və firmanın rəhbərliyi Yozef Hansı "Folksvagen” layihəsinin rəhbəri təyin etdi. Lakin nasistlər xalq avtomobilinin yəhudi tərəfindən yaradılmasına yol verə bilməzdilər. Onlar bu konstrktoru işdən kənarlaşdırdılar, "Standard” firmasının "Folksvagen” sözündən istifadə etməsinə qadağa qoydular, "Motor-Kritik” jurnalı isə "yəhudilərin saxta nəşri” elan edildi. Hans gestapoda istintaqa çağırılandan sonra xaricə qaçdı və "General motors” şirkətinin Avstraliyadakı törəmə firmalarından birində mühəndis-konstruktor kimi işləməyə başladı. O, 1967-ci ildə Avstraliyada dünyasını dəyişdi.
"Xalq avtomobili”nin yaradılmasına macar Bela Bareni, çex Hans Ledvinka və alman Edmund Rumpler kimi istedadlı mütəxəssislər də hələ nasional-sosialistlər Almaniyada hakimiyyətə gələnə qədər böyük töhfə veriblər. Ədalət naminə qeyd etmək lazımdır ki, Ferdinand Porşe "Folksvagen” layihəsinin rəhbəri təyin edilənə qədər "Zündapp” və NSU firmaları üçün mühərriki arxa tərəfdə yerləşən kiçiklitrajlı modellər yaradıb. Onlar gələcək "böcəyin” prototipləri hesab edilə bilər.
Beləliklə, xalq avtomobili yaratmaq ideyasının az qala Hitlerin özünə məxsus olması barədə geniş yayılmış fikir həqiqətə uyğun deyil. Yuxarıda adlarını çəkdiyimiz modellər nasistlərin hakimiyyətə gəlməsindən əvvəl yaradılıb. Yeri gəlmişkən, "Folksvagen”in rəqibləri sonralar özlərinin yaratdığı nisbətən ucuz avtomobilləri bazara çıxarmağa cəhd göstəriblər.
Məsələn, "Opel” forması 1935-ci ildə P-4 modelini təqdim etdi. Bu modelə də tələbat pis deyildi. Lakin yeni maşın nümayiş etdirilərkən onun alman xalqı üçün avtomobil olması barədə deyilənlər Hitlerin xoşuna gəlmədi. Diktator istəyirdi ki, "xalq avtomobili” yüz faiz alman məhsulu olsun. Amerikalıların rəhbərlik etdiyi firma tərəfindən yaradılmış "yad” avtomobil onu qane etmirdi.
1937-ci ildə yaradılmış yeni təşkilatın adını "Xalq avtomobili istehsalına hazırlıq cəmiyyəti” kimi tərcümə etmək olar. İlk təcrübi modellərin sınaqları başlandı. 1938-ci il mayın 26-da Hitlerin iştirakı ilə yeni zavodun təməl daşı qoyuldu. O dövr üçün nəhəng sayılan tikintidə təxminən 10 min nəfər çalışırdı. Zavod Fallersleben şəhərində tikilməli idi. bu yer heç də təsadüfi seçilməmişdi: Veymar Respublikasının himni olmuş "Almanların mahnısı” şerinin müəllifi alman klassik şairi Hofman fon Fallersleben (August Heinrich Hoffmann von Fallersleben) bu şəhərdə doğulub. Sonralar "Üçüncü reyx”də həmin şeirin birinci bəndini oxuyurdular.
1947-ci ildə "böcəklərin” kütləvi istehsalına başlanır. Bir neçə ildən sonra bu model etibarlı, "əbədi” avtomobil reputasiyası qazanır. Ötən əsrin ortalarında bu modelin məşhur reklamında deyilirdi: "O hələ də gedir, gedir, gedir...”. 1950-ci illərdən etibarən "Folksvagen-böcək” modelinin bütün planetdə zəfər yürüşü başlanır. Əfsanəvi Ford modelini geridə qoymuş "Folksvagen-böcək” buraxılmış nüsxələrin sayına görə dünyada ən kütləvi avtomobil oldu.
1955-ci il avqustun 5-də milyonuncu "Käfer” avtomobili konveyerdən buraxıldı. 1972-ci ilə qədər bu modelə adi avtomobillərin sayı 15 milyona çatmışdı. 1978-ci il yanvarın 19-da Almaniyada bu avtomobilin istehsalı dayandırıldı, lakin Braziliya və Meksika zavodlarında onun istehsalı davam edirdi. 2003-cü il iyulun 30-da Latın Amerikasında sonuncu "böcək” buraxıldı. Onun sıra nömrəsi 21.529.464 idi. İndi həmin modelə Volfsburqdakı "Folksvagen” muzeyində tamaşa etmək olar.